
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də ABŞ-ın “Schlumberger Overseas S.A” (SLB) şirkətinin baş icraçı direktoru Olivye Le Peşi qəbul edib.
Söhbət zamanı “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin əhəmiyyətinə toxunularaq, bu tədbirlər zamanı qlobal enerji məsələləri ilə bağlı müzakirələrin aparıldığı vurğulanıb.
“Schlumberger Overseas S.A” şirkətinin Azərbaycanda uğurla həyata keçirdiyi layihələr qeyd edildi, şirkətin 30 il ərzində Azərbaycanda neft və qaz yataqlarının işlənilməsində iştirakının, o cümlədən SOCAR və bp ilə əməkdaşlığının davam etdirilməsinin vacibliyi bildirilib.
Görüşdə şirkət tərəfindən “SOCAR Green” şirkəti ilə birlikdə Kəlbəcər və Laçın bölgələrində geotermal enerji mənbələrinin istifadəsi ilə bağlı potensial layihənin həyata keçirilməsi barədə məlumat verilib.
Söhbət zamanı ölkəmizlə bu şirkət arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

