Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə Şavkat Mirziyoyevə təbrik məktubu göndərib.
Məktubda deyilir: “Seçkilərdə qazandığınız inamlı qələbə ölkənizin rifahı yolunda həyata keçirdiyiniz siyasi xəttin qardaş Özbəkistan xalqı tərəfindən dəstəklənməsinin, əsl lider kimi şəxsinizə bəslənən böyük inam, hörmət və etimadın parlaq təzahürüdür.
Azərbaycan ilə Özbəkistanı xalqlarımızın ortaq mənəvi dəyərlərindən qaynaqlanan möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu sarsılmaz təməllər üzərində qurulmuş əlaqələrimizin, qarşılıqlı faydalı əməkdaşlığımızın hazırkı səviyyəsi və gündən-günə genişlənməsi xüsusi məmnunluq doğurur”.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, zəngin milli-mənəvi dəyərlərimizdən güc alan Azərbaycan-Özbəkistan dostluğu və strateji tərəfdaşlığı qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da yüksələn xətlə inkişaf edəcək və möhkəmlənəcək.