PREZİDENT İLHAM ƏLİYEV ŞƏHİD AİLƏLƏRİ İLƏ BAĞLI FƏRMANDA DƏYİŞİKLİK EDİB

Prezident İlham Əliyev 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”nda aşağıdakı dəyişikliklər edilir:

1.1. aşağıdakı məzmunda 1.7 – 1.9-cu bəndlər əlavə edilsin:

1.7.şəhid statusu verilmiş şəxsin vərəsələrinə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu
1.8.müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu
1.9.hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alan hərbi qulluqçulara dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu

1.2. 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

4.2.müddətli həqiqi hərbi xidmətdə olmasına dair arayış verilməsi

1.3. 5.4-cü bənddə “əbədiləşdirməsi” sözü “əbədiləşdirilməsi” sözü ilə əvəz edilsin;

1.4. 7-ci hissə ləğv edilsin.

Bu Fərmanın 1.1-ci və 1.4-cü bəndləri 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.