PREZİDENT İLHAM ƏLİYEV QVİNEYA-BİSAU PREZİDENTİ İLƏ GÖRÜŞÜB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşüb.

Qvineya-Bisau Prezidenti COP29-un yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına təşəkkürünü bildirib, bu tədbirin uğurla keçəcəyinə əminliyini ifadə edib.

Görüşdə ölkələrimiz arasında ilk növbədə təhsil sahəsində əməkdaşlıq məsələsinə toxunulub, Qvineya-Bisaudan olan müxtəlif sahələrə aid mühəndislərin, tibb sahəsi üzrə mütəxəssislərin hazırlanmasına dəstək və təqaüdlərin verilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrə qrantlar ayıraraq bu sahədə öz dəstəyini göstərir. Bu xüsusda, Qvinea-Bisaudan olan tələbələrə də qrantların verilməsi məsələsi müzakirə olunub.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və bununla bağlı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili, həmçinin xarici işlər nazirləri vasitəsilə siyasi məsləhətləşmələrin aparılması məsələlərinə toxunulub.