PREZİDENT İLHAM ƏLİYEV QURBANQULU BERDİMƏHƏMMƏDOVA TƏBRİK MƏKTUBU ÜNVANLAYIB

Prezident İlham Əliyev Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Əziz Qardaşım,

Əlamətdar tarix – Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı səmimi-qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram.

Otuz il əvvəl dünya birliyi tərəfindən Türkmənistanın daimi bitərəflik statusunun tanınması ölkənizin dinamik və dayanıqlı inkişafına təkan verən və beynəlxalq aləmdə nüfuzunu gücləndirən mühüm hadisə və böyük tarixi nailiyyət idi.

Türkmənistanın daimi bitərəflik siyasətinin mahiyyəti xalqınızın çoxəsrlik humanizm, sülhsevərlik və mənəvi-əxlaqi fəlsəfəsindən qaynaqlanır. Bu gün Türkmənistanın geniş beynəlxalq əməkdaşlığa yönəlmiş konstruktiv təşəbbüsləri qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, humanist dəyərlərin təşviqi kimi nəcib məqsədlərə xidmət edir. Eyni zamanda ölkəniz sülhsevər doktrinasını qlobal səhnədə fəal şəkildə təbliğ edərək qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə beynəlxalq dialoqun güclənməsinə töhfə verir.

Azərbaycan qardaş və mehriban qonşu olan Türkmənistanın bitərəflik siyasətinə daim hörmətlə yanaşıb. Təsadüfi deyil ki, Azərbaycan Respublikası həm 1995-ci, həm də 2015-ci illərdə BMT Baş Assambleyasının ölkənizin bitərəflik statusu ilə bağlı müvafiq qətnamələrinin həmmüəllifi olmuşdur.

Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimizin, qardaşlığımızın möhkəmlənməsi istiqamətində şəxsən Sizin davamlı və qətiyyətli səylərinizi xüsusi qeyd etmək istərdim. Fürsətdən istifadə edərək Sizin bu il ərzində Azərbaycana iki səfərinizi, mənim də avqust ayında füsunkar Avazaya səfərimi, Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimizi və söhbətlərimizi ən xoş təəssüratlarla xatırladığımı bildirirəm.

Əminəm ki, Azərbaycan-Türkmənistan qardaşlıq bağlarını daha da möhkəmləndirmək və çoxşaxəli əməkdaşlığımızı yeni mərhələyə yüksəltmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Hörmətli Qurbanqulu Məlikquliyeviç, bu bayram günündə bir daha Sizə təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyirəm”.