PREZİDENT İLHAM ƏLİYEV PAKİSTANIN MÜDAFİƏ İSTEHSALATI NAZİRİNİ QƏBUL EDİB

Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının müdafiə istehsalatı naziri, Azərbaycan-Pakistan Birgə Komissiyasının həmsədri xanım Zobaida Cəlalı qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Xanım Zobaida Cəlalın səfərinin əməkdaşlığımızın genişləndirilməsi baxımından önəmi qeyd edildi.

Dövlətimizin başçısı bu yaxınlarda Pakistan Prezidenti ilə görüşünü məmnunluqla xatırlayaraq bu görüşün çox uğurlu olduğunu və əlaqələrimizin möhkəmlənməsi işinə töhfə verdiyini vurğuladı.

Prezident İlham Əliyev Bakıda keçiriləcək Azərbaycan-Pakistan Birgə Komissiyasının işinə toxunaraq bu tədbirin iqtisadi əməkdaşlığın genişlənməsi, ticarət dövriyyəsinin həcminin artırılması, biznes dairələri arasında əlaqələrin səviyyəsinin qaldırılması işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. Dövlətimizin başçısı investisiya qoyuluşu üçün prioritetlərin müəyyənləşdirilməsinin zəruriliyini də vurğuladı.

Prezident İlham Əliyev Vətən müharibəsi dövründə Pakistanın Azərbaycanın ədalətli mövqeyinə verdiyi davamlı dəstəyə və qardaş mövqeyinə görə bir daha minnətdarlığını bildirdi və Azərbaycan xalqının bunu yüksək qiymətləndirdiyini vurğuladı.

Dövlətimizin başçısı bu xüsusda qeyd etdi ki, Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində iştirak edən xarici şirkətlər sırasında Pakistan şirkətlərini də görməkdən məmnun olardı.

Nazir Zobaida Cəlal ölkəsinin Azərbaycan ilə qardaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini vurğulayaraq, bu münasibətlərin illər ərzində özünü doğrultduğunu bildirdi. O, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbənin Pakistanda bayram tədbirləri ilə qeyd edildiyini bildirərək bunu ölkələrimiz arasında olan qardaşlıq münasibətlərinin göstəricisi kimi dəyərləndirdi.

Qonaq Azərbaycan-Pakistan Birgə Komissiyasının iclasının da əlaqələrimizin genişləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirdi.

Görüşdə ticarət, enerji, nəqliyyat, turizm, təhsil və hərbi-texniki sahələr də daxil olmaqla əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə genişləndirilməsinin əhəmiyyəti vurğulandı. Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Ölkələrimizin həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlarda daim bir-birini dəstəklədikləri xüsusi qeyd olundu.