Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddinin etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.
Pakistana dövlət səfərini məmnunluqla xatırlayan Azərbaycan Prezidenti ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyin çox xoş təsir bağışladığını deyib, bunun ölkələrimiz və xalqlarımız arasında dostluğu, qardaşlığı və tərəfdaşlığı nümayiş etdirdiyini bir daha vurğulayıb.
Dövlətimizin başçısı bu səfərin önəminə toxunaraq, əməkdaşlığımıza dair geniş sahələri əhatə edən məsələlərin müzakirə olunduğunu və sənədlərin imzalandığını məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev bu dövlət səfəri nəticəsində Azərbaycan-Pakistan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, səfər çərçivəsində müxtəlif sahələrdə, o cümlədən investisiya qoyuluşu və enerji sahələrində yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edildiyini vurğulayıb. Dövlətimizin başçısı Pakistana dövlət səfəri zamanı qəbul olunmuş qərarların, əldə edilmiş razılaşmaların və imzalanmış sənədlərin həyata keçirilməsi istiqamətində hər iki tərəfin iş apardığını bildirib. Azərbaycan Prezidenti preferensial ticarət sazişinin önəmini qeyd edərək, bu sənədə yeni maddələrin əlavə edilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərin həyata keçirildiyini vurğulayıb.
Prezident İlham Əliyev ərazilərimizin işğalına görə Pakistanın Ermənistan ilə diplomatik əlaqələr qurmamasını, hətta torpaqlarımızın azad edilməsindən və suverenliyimizin tam bərpa olunmasından sonra da bunu etməməsini bir daha əsl dostluğun və qardaşlığın təzahürü kimi yüksək qiymətləndirib. Dövlətimizin başçısı Pakistan rəhbərliyinin Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi dəstəyin bizim üçün böyük önəm daşıdığını bir daha vurğulayıb.
Azərbaycan Prezidenti səfir Qasım Mohiuddinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən səfir Pakistan Prezidenti Asif Əli Zərdarinin və Baş nazir Məhəmməd Şahbaz Şərifin səmimi salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da səmimi salamlarını Pakistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
Ölkəmizə böyük məhəbbət hissi bəslədiyini qeyd edən səfir Azərbaycan kimi gözəl bir ölkədə Pakistanı təmsil etməkdən qürur hissi duyduğunu bildirib.
Səfir dövlətimizin başçısının Pakistana dövlət səfərini zamanı müəyyən olunmuş strateji əməkdaşlıq istiqamətlərinin həyata keçirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib. O, Azərbaycanın Pakistana dəstəyini, xüsusən Cəmmu və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun qaydada həllinə dair ölkəmizin ədalətli mövqeyinin önəmini vurğulayıb.