PREZİDENT İLHAM ƏLİYEV NİGERİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakubu Santuraki Suleymanın etimadnaməsini qəbul edib.

Səfir Yakubu Santuraki Suleyman etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyini dedi, işğal dövründə Nigeriyanın hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirdi. Dövlətimizin başçısı münaqişənin artıq hərbi-siyasi yollarla həllini tapdığını vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilə qədər uzadılması məsələsinə Nigeriyanın verdiyi dəstəyə görə minnətdarlığını bildirdi, bunu etimad və dostluq əlaməti kimi qiymətləndirdi. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərin hüquqlarını müdafiə etdiyini, beynəlxalq hüququ və ədaləti dəstəklədiyini vurğuladı. Azərbaycan Prezidenti İlham Əliyev Yakubu Santuraki Suleymanın səfirlik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini bildirdi.

Səfir Yakubu Santuraki Suleyman Nigeriya Prezidenti Muhammadu Buharinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Nigeriya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Səfir Nigeriya və Azərbaycanın həmişə ədalətin tərəfdarı olduqlarını dedi, ölkəsinin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə, xüsusilə Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirdi.

Görüşdə ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin olduğu vurğulandı, ticari münasibətləri genişləndirmək üçün imkanların mövcudluğu qeyd edildi.

Azərbaycanın Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərindən olan tələbələrin ölkəmizdə təhsil almaları üçün təqaüd ayırdığını və Nigeriyadan olan tələbələrin bu təqaüd proqramı çərçivəsində Azərbaycanın ali məktəblərində təhsil aldıqları vurğulandı.