PREZİDENT İLHAM ƏLİYEV: MÜHARİBƏDƏN SONRA AZƏRBAYCANDA İNKİŞAF GEDİR, ERMƏNİSTANDA İSƏ BÖHRAN HÖKM SÜRÜR, BİR-BİRİLƏRİNİ DİDİRLƏR

Müharibədən sonrakı dövrə gəldikdə indi hər kəs görür ki, Azərbaycanda inkişaf gedir, quruculuq işləri başlayıb, Ermənistanda isə böhran hökm sürür, bir-birilərini ittiham edirlər, bir-birilərini didirlər.
Bu fikirləri Prezident İlham Əliyev Bakının Ramana qəsəbəsində şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə söyləyib.
“Hər zaman xarici nümayəndələr bizə deyirdilər ki, Ermənistan cəmiyyəti birlik nümayiş etdirir və Ermənistan cəmiyyətində milli birlik var. İndi biz görürük haradadır bu milli birlik. Bu məğlubiyyətdə bir-birilərini ittiham edirlər, bir-birilərini günahlandırırlar, kütləvi həbslər baş verir. Amma nədənsə demokratiyadan dəm vuran bəzi qeyri-hökumət təşkilatları və bəzi hökumətlər buna göz yumurlar”, – deyə dövlətimizin başçısı bildirib.
Ermənistanda müxalifətin həbs edildiyini, öldürüldüyünü qeyd edən Prezident İlham Əliyev deyib: “Amma buna heç kim reaksiya vermir. Bu, nəyi göstərir? Necə deyərlər, həmin 30 illik tarix bir daha əks etdirir ki, biz bu qələbəni təkcə Ermənistan üzərində qazanmamışıq. Bizə qarşı mütəşəkkil və güclü dairələr birləşib bizim torpağımızı əbədi işğal altında saxlamaq istəyirdilər. Ermənistan, sadəcə olaraq, bir alət idi, bir vasitə idi. Biz bunu dağıtdıq. Biz bu məkrli siyasəti alt-üst etdik və haqq-ədaləti bərpa etdik”.