PREZİDENT İLHAM ƏLİYEV MONQOLUSTANIN AZƏRBAYCANDA YENİ TƏYİN OLUNAN SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL EDİB

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayarın etimadnaməsini qəbul edib.

Səfir Qombosuren Munxbayar etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Səfir Monqolustan Prezidenti Uxnaaqiyn Xürelsüxün salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Monqolustan Prezidentinə çatdırmağı xahiş edib.

Azərbaycan Prezidenti ikitərəfli münasibətlərə toxunaraq, siyasi sahədə qarşılıqlı fəaliyyətin yaxşı səviyyəsindən məmnunluğunu bildirdi, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığın həyata keçirildiyini dedi, ikitərəfli formatda tam qarşılıqlı anlaşmanın mövcud olduğunu vurğuladı. Bu baxımdan Prezident İlham Əliyev iqtisadi əlaqələrin genişləndirilməsi üçün ticarətin səviyyəsinin artırılmasının, biznes dairələri arasında təmasların genişləndirilməsinin zəruriliyini qeyd etdi və investisiya layihələrinə baxılmasının da mümkünlüyünü bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizi imkanları nəzərə alınaraq nəqliyyat sahəsində, bundan başqa humanitar sahədə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Prezident İlham Əliyev səfirin ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.

Qombosuren Munxbayar son illərdə, xüsusilə 2018-ci ildə Monqolustan Prezidentinin Azərbaycana səfərindən sonra ikitərəfli əlaqələrin fəal şəkildə inkişaf etdirildiyini dedi. Səfir bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının otuz illiyinin qeyd olunduğunu vurğulayaraq, Monqolustan Prezidentinin Azərbaycan Prezidentinə onun üçün münasib vaxtda ölkəsinə səfərə dəvətini çatdırıb.

Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.

Görüşdə təhsil, turizm, investisiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.