PREZİDENT İLHAM ƏLİYEV MİLLİ MARAQLARI YAD MÜLAHİZƏLƏRLƏ DEYİL, MİLLİ STRATEGİYA ƏSASINDA QORUYUR

Amerika Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskini sərt şəkildə tənqid etməsi dünya siyasətində müttəfiqlərə kor-koranə bel bağlamağın təhlükəli olduğunu bir daha sübut etdi. Odur ki, Qərb koalisiyasının dəstəklədiyi Ukrayna tədricən təkbaşına mübarizə aparmaq məcburiyyətində qalır. Bu hadisə bir daha dünyada lider böhranının yaşandığını göstərdi, dövlətlərin və xalqların öz problemlərini yalnız güclü liderləri sayəsində həll edəcəkləri fikrini gündəmə gətirdi. Prezident İlham Əliyevin Ermənistanın 30 illik işğalına son qoymaq üçün necə müdrik və uzaqgörən addımlar atdığını təhlil etmək fürsəti verdi.

Birincisi, onu qeyd etməliyik ki, Prezident İlham Əliyev hakimiyyətə gələn vaxtdan müttəfiqlərə arxalanmaqdan daha çox dövlətin taleyini xalqın iradəsinə əsaslanaraq müəyyənləşdirdi. Bununla da qısa vaxtda siyasi arenada necə mahir oyunçu olduğunu sübut etdi. Prezident İlham Əliyev beynəlxalq reallığı anlayaraq, Azərbaycanın maraqlarını xarici güclərin mülahizələri əsasında deyil, milli strategiya ilə qorumağı bacardı. O, heç vaxt hansısa böyük gücə arxalanmadı, əksinə, Azərbaycanın daxili gücünü, iqtisadi potensialını və hərbi qüdrətini sistemli şəkildə artırmağa üstünlük verdi. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi bunun bariz nümunəsidir. Müharibəyə qədər Ermənistan Qərbin və Rusiyanın geosiyasi oyunlarında alət olaraq istifadə edilirdi. Nikol Paşinyan və onun komandası Ermənistanın dünya güclərinin dəstəyi ilə Azərbaycana qarşı üstünlük qazanacağına inanırdı. Lakin İlham Əliyev vəziyyəti tamamilə fərqli şəkildə dəyərləndirdi. O, Azərbaycanı heç kəsin müstəvisində deyil, yalnız öz milli maraqları çərçivəsində hərəkət edən bir güc kimi ortaya qoydu.

Dövlət başçısı olmaq, sadəcə verilən dəstəklərdən istifadə etmək deyil, həm də siyasi kombinasiyaları düzgün qurmaq, problemləri məharətlə dəf etməkdir. Prezident İlham Əliyev təkcə hərbi uğura nail olmadı, o, həm də beynəlxalq diplomatiyada balansı qoruyaraq Azərbaycanın mövqelərini möhkəmləndirdi. Dövlət başçısı Azərbaycanın maraqlarını yalnız beynəlxalq tribunalarda bəyan etməklə kifayətlənmədi, real hərbi və iqtisadi güc formalaşdıraraq reallıqları özü dəyişdi.

Bu gün Zelenski, Tramp tərəfindən açıq şəkildə tənqid olunur və Qərbdən gələn yardımın davamlı olub-olmayacağına dair qeyri-müəyyənlik içindədir. O, Ukraynanın gələcəyini xarici dəstəyə bağlayıb və hadisələrin gedişatı göstərir ki, indi həmin dəstək özünü doğrultmayıb. Bu isə ölkəni çətin vəziyyətə salıb. Amma biz daim müşahidə edirik ki, Azərbaycan Prezidenti ölkəmizin gələcəyini heç vaxt kənar qüvvələrin iradəsinə bağlamayıb. O, hər zaman Azərbaycanın taleyini yalnız Azərbaycan xalqının iradəsi ilə həll edəcəyini deyib. Məhz bu prinsip onun siyasi arenada qalib gəlməsini təmin edib. Deməli, liderlik yalnız xarici qüvvələrə arxalanmaqla deyil, çətin vəziyyətlərdə düzgün qərarlar vermək qabiliyyəti ilə ölçülür. Prezident İlham Əliyev tarixi ədaləti bərpa edərək 30 illik işğala son qoyub. Bunu edərkən heç kimdən icazə almayıb, heç bir güc mərkəzindən asılı olmayıb.

MTM Analitik Qrup