PREZİDENT İLHAM ƏLİYEV KOREYA RESPUBLİKASININ AZƏRBAYCANDA YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanqın etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında münasibətlərin uğurlu inkişafına toxunaraq, siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu vurğuladı, mütəmadi əsasda siyasi məsləhətləşmələrin və dialoqun aparıldığını qeyd edib. Prezident İlham Əliyev siyasi və iqtisadi-ticari əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu dedi, bu xüsusda ölkəmizin sənayeləşmə, həmçinin Azərbaycanın regionlarının inkişafı proqramları çərçivəsində əməkdaşlıq məsələlərinə toxunub.

Kımqu Kanq Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edərək, 15 İyun – Milli Qurtuluş Günündə Prezident İlham Əliyev tərəfindən qəbul edilməsinin onun üçün böyük şərəf olduğunu deyib. Səfir Koreya Respublikasının ozamankı Prezidenti Ro Mu Hyunun ölkəmizə rəsmi səfərini, həmçinin Prezident İlham Əliyevin Koreya Respublikasına dövlət səfərini xatırladı və bu səfərlərin əlaqələrimizin inkişafına ciddi təkan verdiyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında yüksək texnologiyalar, rəqəmsal transformasiya, elm, təhsil, o cümlədən peşə təhsili, tibb və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfir Ələt Azad İqtisadi Zonasının Koreya Respublikasının biznes dairələri üçün maraqlı olduğunu deyib.

Söhbət zamanı Azərbaycanın siyasəti nəticəsində Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edildiyi diqqətə çatdırılıb, bu xüsusda Koreya yarımadasında da davamlı sülhün təmin olunacağına ümidvarlıq ifadə edilib.