Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonqun etimadnaməsini qəbul edib.
Səfir Li İn-Yonq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu bildirərək, müstəqillik illərində münasibətlərimizin çox uğurla inkişaf etdiyini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanla Koreya Respublikası arasında uzun illər müxtəlif sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini bildirib, siyasi əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Bu baxımdan Koreyanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafına töhfə verdiyini bildirib. Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığa toxunaraq, Koreyanın bir çox şirkətinin ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən infrasktrur və inşaat layihələrində uğurla iştirak etdiklərini vurğulayıb. Dövlətimizin başçısı birgə investisiya sahələrinin, ixrac-idxal əməliyyatlarının artırılmasının, insanlar arasında təmasların genişləndirilməsinin əhəmiyyətinə toxunub. Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Səfir Li İn-Yonq son 30 il ərzində Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında əlaqələrin inkişaf etdiyini vurğulayaraq, iqtisadi əməkdaşlığın və insanlar arasında əlaqələrin ölkələrimizin potensialına uyğun olaraq daha da möhkəmləndirilməsinin vacibliyini bildirib və səfir fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcini qeyd edib.
Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində Koreya şirkətlərinin mümkün iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.