Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşüb.
Xalid bin Əbdüləziz Əl-Falih Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını və ərazilərimizin işğaldan azad edilməsi münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdırıb.
Dövlətimizin başçısı salamlara və təbriklərə görə minnətdarlığını bildirib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş edib.
Nazir işğaldan azad edilən ərazilərimizdə hazırda bərpa-yenidənqurma işlərinin sürətlə həyata keçirilməsindən məmnunluğunu bildirib.
Söhbət zamanı iqtisadi əlaqələrin inkişaf etdirilməsi, o cümlədən Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin bərpaolunan enerji sahəsində ölkəmizdə həyata keçirdiyi layihə, həmçinin enerji, xüsusilə neft-qaz sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Bu ilin sonuna qədər Səudiyyə Ərəbistanının bir sıra şirkətlərinin və iş adamlarının işğaldan azad edilmiş ərazilərə səfəri barədə ilkin razılıq əldə olunub.