Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İspaniya Krallığı Hökumətinin Sədri Pedro Sançez ilə görüşüb.
Prezident İlham Əliyev İspaniyada baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı başsağlığını çatdırıb.
Pedro Sançez göstərilmiş həmrəyliyə və başsağlığına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Dövlətimizin başçısı dəvəti qəbul edib COP29-da iştirak etdiyinə görə İspaniya Krallığı Hökumətinin Sədrinə təşəkkürünü ifadə edib, onun ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə ümidvar olduğunu deyib.
Pedro Sançez COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib. O, bu tədbirin yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırıb.
Qonaq qeyd edib ki, gələn il İspaniyada BMT-nin Davamlı İnkişafın maliyyələşməsinə həsr olunmuş böyük tədbirinin keçirilməsi planlaşdırılır və COP29-un nəticələri də onun uğurlu olması işinə xidmət edəcək.
Prezident İlham Əliyev COP29-un artıq səmərəli nəticələr verməyə başladığını məmnunluqla vurğulayıb.
İspaniya Hökumətinin Sədri Azərbaycanın Sivilizasiyalar Alyansına göstərdiyi töhfəni yüksək qiymətləndirib.
Görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, bunun üçün birgə işçi qrupunun yaradılması və biznes-forumların keçirilməsi barədə razılıq əldə olunub.
Söhbət zamanı ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, investisiyalar, infrastruktur layihələrinin icrası sahələrində böyük imkanların olduğu qeyd edilib, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda İspaniya universitetlərinin açılması perspektivlərinə dair fikir mübadiləsi aparılıb.