PREZİDENT İLHAM ƏLİYEV İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATININ BAŞ KATİBİNİ QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edib.

Baş katibi salamlayan Prezident İlham Əliyev deyib:

– Gəldiyinizə görə təşəkkür edirəm. Siz bizi müntəzəm olaraq ziyarət edirsiniz. Bu, bizim əməkdaşlığımızın və sizin ölkəmizə münasibətinizin çox yaxşı nümayişidir. Əvvəla, söhbətimizə başlamazdan əvvəl mən İslam Əməkdaşlıq Təşkilatı və Azərbaycan arasında əməkdaşlığın inkişafına verdiyiniz müstəsna töhfəyə görə sizi Azərbaycanın dövlət ordeni – “Dostluq” ordeni ilə mükafatlandırmaq istəyirəm.

Azərbaycan Prezidenti İlham Əliyev “Dostluq” ordenini Yusif bin Əhməd əl-Osayminə təqdim edib.

Prezident İlham Əliyev: Həmçinin fürsətdən istifadə edərək Azərbaycan və Ermənistan arasında münaqişənin həll olunması ilə bağlı Azərbaycana davamlı dəstəyinizə görə sizə minnətdarlığımı bildirmək istəyirəm.

Bildiyiniz kimi, münaqişə bizim tərəfimizdən birtərəfli qaydada həll olunub. 44 günlük müharibə Azərbaycan torpaqlarının 30 il davam edən və bir milyondan çox azərbaycanlının iztirabına, şəhər və kəndlərimizin tamamilə dağıdılmasına gətirib çıxaran işğalına son qoydu. İndi əcnəbi jurnalistlər və diplomatlar işğaldan azad olunmuş ərazilərə səfər edəndə onlar görürlər ki, ermənilər hər şeyi dağıdıblar. Bütün şəhərlər, bütün kəndlər, tarixi və dini məkanlar, məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Çünki dəfələrlə dediyim kimi, bizim şəhərlərimiz Birinci Qarabağ müharibəsi ərzində deyil, sonradan işğal dövründə dağıdılıb. Bu, bütün Azərbaycan və İslam irsini Azərbaycanın bu tarixi torpaqlarından silmək və həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdülən siyasət idi. Mən bilirəm ki, səfirlər, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kontakt qrupun üzvləri bu yaxınlarda işğaldan azad edilmiş ərazilərə səfər ediblər və bunu öz gözləri ilə görüblər. Onlar açıq bəyanatlar veriblər və biz buna görə çox minnətdarıq. İndi biz bütün dünyanın bunu görməyini, başa düşməyini istəyirik ki, bizim atdığımız addımlar haqq işi idi, beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququmuza və ədalətə əsaslanırdı. Biz ədaləti bərpa etdik. Təcavüzkar bizim torpaqlarımızdan qovuldu və indi bərpa vaxtıdır. Lakin bu, vaxt aparacaq. Çünki əlbəttə ki, ən böyük problem minalardır. Müharibə bitəndən sonra bizdə artıq onlarla itki olub, o cümlədən minalardan ölənlər olub. Ermənistan bizə minaların xəritəsini verməyib. Bu, daha bir müharibə cinayətidir. Çünki bunu etmək onların borcudur. Lakin müharibənin artıq aylardır bitməsinə baxmayaraq, onlar azərbaycanlılara qarşı bu siyasəti davam etdirirlər. Lakin biz lazım olan hər şeyi edəcəyik. Minatəmizləmə prosesi gedir. Biz artıq yenidənqurma işlərini planlaşdırırıq. Şəhərlərin, kəndlərin baş planları artıq hazırlanma prosesindədir və əlbəttə ki, biz İslam dünyasından olan qardaşlarımızın gəlib onların bizim tarixi irsimizə nə etdiklərini və yenidənqurma prosesini görməsini istəyirik. Sözsüz ki, mən sizi gələcəkdə, biz yenidənqurma prosesinə başlayandan sonra da görməyə şad olardım.

Baş katib Yusif bin Əhməd əl-Osaymin: Cənab Prezident, əvvəlcə, məni və Təmas Qrupuna daxil olan ölkələrdən nümayəndə heyətini dəvət etdiyinizə, hadisələrin necə cərəyan etdiyini görmək imkanının yaradılması üçün Sizə təşəkkür etmək istəyirəm. Mən Sizinlə olan şəxsi münasibətimizə böyük dəyər verirəm, bu, hər zaman belə olub və belə də davam edəcək.

Cənab Prezident, Sizi təbrik etmək istəyirəm, çünki hər dəfə Bakıya səfərə gələndə, hər tərəfdə yenilik və inkişafın şahidi oluram, şəhər sonuncu dəfə gördüyümdən daha fərqli olur. Əminəm ki, bütün bu inkişafın, tərəqqinin və gərgin işin arxasında Siz dayanmısınız və bu, hər bir azərbaycanlının istəyidir.

Cənab Prezident, bu böyük Qələbə münasibətilə Sizi təbrik edirəm. Bu, yalnız Sizin deyil, bizim də qələbəmizdir və biz çox xoşbəxtik. Mən Sizin liderliyinizi və səbir nümayiş etdirməyinizi təqdir edirəm. Siz 30 il ərzində torpaqların işğalı məsələsində təmkinlə davrandınız, bunun başqa bir ölkədə ola biləcəyinə inanmıram. Sizin məsələniz haqq işi idi – torpaqlar sizin idi, beynəlxalq hüquq tərəfinizdə idi, İslam Əməkdaşlıq Təşkilatı yanınızda idi və onun qətnamələri sizi dəstəkləyirdi. Burada söhbət ölkənizin ərazisinin 20 faizindən, Azərbaycanın böyük bir hissəsindən gedir. Allaha şükürlər olsun ki, Sizin müdrikliyiniz və təmkinliyiniz öz bəhrəsini verdi və məsələ müsbət həll olundu.