PREZİDENT İLHAM ƏLİYEV İORDANİYA HAŞİMİLƏR KRALLIĞININ VƏLİƏHDİ İLƏ GÖRÜŞÜB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İordaniya Haşimilər Krallığının Vəliəhdi Şahzadə II Əl-Hüseyn bin Abdullah ilə görüşüb.

Vəliəhd Şahzadə II Əl-Hüseyn bin Abdullah atası – İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Əl-Hüseynin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kral II Abdullah ibn Əl-Hüseynə çatdırmağı xahiş edib.

Qonaq COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

İlk dəfə Azərbaycanda olduğunu bildirən İordaniya Haşimilər Krallığının Vəliəhdi ölkəmizdə gördüyü inkişaf proseslərinin onda böyük təəssürat hissi yaratdığını deyib.

Söhbət zamanı Qəzzaya humanitar yardımların göstərilməsində Azərbaycanla İordaniyanın birgə əməkdaşlığı və ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) vasitəsilə də Fələstinə humanitar yardımları qeyd edilib.