Biz bunu ona görə edirdik ki, azərbaycanlı gəncləri yetişdirək, onlar gözəl peşə sahibləri olsunlar, mütəxəssis olsunlar. Əsas məqsəd budur – xalqımızın intellektual potensialının möhkəmləndirilməsi.
Bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə xaricdə təhsil proqramı ilə bağlı sualı cavablandırarkən bildirib.
Dövlətimizin başçısının sözlərinə görə, gənclər 30-dan çox ölkənin 300-dən çox ali məktəblərinə ezam edilib və bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənib. Prezident bildirib ki, 2016-cı ildə biz bu proqrama başlayanda Azərbaycanda vəziyyət elə idi ki, bir çoxları bəlkə də orada, xaricdə qalmağı seçə bilərdilər. Ancaq buna baxmayaraq, dövlət xətti ilə oxuyanların böyük hissəsi Azərbaycana qayıdıb.
Prezident İlham Əliyev yeni proqramın artıq işlənildiyini və müvafiq sərəncamın keçən il verildiyini deyərək bildirib: “Yəqin ki, bu ildən başlayaraq, biz bu proqramı bərpa edəcəyik, yeni formada bərpa edəcəyik. Yəni, əvvəl birinci proqramın tutaq ki, çatışmazlıqları nəzərə almaq şərtilə. İldə təqribən 400-ə qədər gənc dünyanın aparıcı ali məktəblərinə göndəriləcəkdir”.