PREZİDENT İLHAM ƏLİYEV: İÇƏRİŞƏHƏR KİMİ İKİNCİ MƏKAN, İKİNCİ YER DÜNYADA YOXDUR

İçərişəhər kimi ikinci məkan, ikinci yer dünyada yoxdur.

Bunu Prezident İlham Əliyev martın 3-də Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: “İçərişəhər bizim milli sərvətimizdir, dünya memarlıq tarixinin möhtəşəm abidəsidir, Azərbaycan xalqının istedadının bariz nümunəsidir. Əsrlər boyu Azərbaycan xalqı İçərişəhəri, onun içində olan tarixi abidələri qoruyub və bundan sonra da əsrlər boyu qoruyacaq. İçərişəhərin hər bir küçəsi, hər bir tini, hər bir daşı qiymətlidir, tarixi əhəmiyyət kəsb edir. Qala divarları, Qız qalası, Şirvanşahlar sarayı, məscidlər, karvansaralar, muzeylər, digər tarixi abidələr qürur mənbəyimizdir. Dünyada İçərişəhərə bənzəri olan ikinci yer yoxdur. Düzdür, dünyanın bir neçə ölkəsində köhnə şəhər məhəllələri vardır, onların bir neçəsində mən olmuşam. Amma tam əminliklə deyə bilərəm ki, İçərişəhər kimi ikinci məkan, ikinci yer dünyada yoxdur. Bu, bizim tarixi irsimizdir, biz İçərişəhəri göz bəbəyimiz kimi qorumalıyıq və əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz”.