PREZİDENT İLHAM ƏLİYEV GÜRCÜSTANIN TƏHSİL VƏ ELM NAZİRİNİ QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelini qəbul edib.

Dövlətimizin başçısı bir neçə gün əvvəl Gürcüstana səfərinin uğurla keçdiyini, səmərəli müzakirələrin aparıldığını bildirib, səfərin ölkələrimiz arasında qardaşlıq əlaqələrinin gələcək inkişafı üçün çox əhəmiyyətli olduğunu vurğulayıb, müzakirə olunan məsələlərin siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə geniş gündəliyi əhatə etdiyini deyib. Prezident İlham Əliyev qeyd edib ki, təhsil əməkdaşlığımızın əhəmiyyətli hissələrindən biridir. Dövlətimizin başçısı Gürcüstanda Azərbaycan dilində, Azərbaycanda isə gürcü dilində məktəblərin fəaliyyət göstərməsini bunun yaxşı göstəricisi kimi qiymətləndirib. Prezident İlham Əliyev Mixeil Çxenkelinin səfərinin ölkələrimizin müvafiq nazirlikləri arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

Qəbula görə minnətdarlıq edən Mixeil Çxenkeli dövlətimizin başçısının Gürcüstana səfərinin tarixi səfər olduğunu qeyd edib və əlaqələrimizin genişləndirilməsində səfərin xüsusi önəm daşıdığını deyib. Qonaq ölkələrimizin Təhsil və Elm nazirlikləri arasında çox səmərəli və uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.