PREZİDENT İLHAM ƏLİYEV DAXİLİ QOŞUNLARIN YENİ İNŞA OLUNAN “N” SAYLI HƏRBİ HİSSƏSİNİN AÇILIŞINDA İŞTİRAK EDİB

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 12-də – Daxili Qoşunların yaranması günündə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakının Sabunçu rayonunda yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Nazir Vilayət Eyvazov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə görülən işlər barədə məlumat verib.
Bildirilib ki, hərbi hissədə şəxsi heyətin xidmət, məişət, sıra və döyüş hazırlığı səviyyəsinin yaxşılaşdırılması tədbirləri çərçivəsində qərargah və əsgər kazarması, yeməkxana, tibb, qarovul, texniki nəzarət, buraxılış məntəqələri, digər köməkçi binalar inşa olunub, idman şəhərciyi yaradılıb. Yeni binalar zəruri avadanlıq və inventarla təchiz edilib. Mövcud binalar isə əsaslı təmir olunub. Hərbi hissədə mərkəzləşdirilmiş havalandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb.
Prezident, Ali Baş Komandan hərbi hissədə yeni inşa edilən qərargah, əsgər yataqxanası, tibb məntəqəsi və yeməkxana ilə tanış olub.
Diqqətə çatdırılıb ki, hərbi hissədə xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb.
Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların xüsusi təyinatlıları üçün nəzərdə tutulan silah-sursata və kütləvi iğtişaşların dağıdılmasında istifadə olunan texnikaya və komendant postlarına baxıb. Bu postlar işğaldan azad olunmuş ərazilərdə xidmət aparmaq üçün hazırlanıb.
Hərbi hissə ilə tanışlıqdan sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların bütün şəxsi heyətini təbrik edib.