PREZİDENT İLHAM ƏLİYEV: BU İLİN ÜÇ AYINDA ÖLKƏMİZ BÜTÜN SAHƏLƏRDƏ UĞURLA İNKİŞAF EDİB

Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib. Biz bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı bildirib:

“Keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Müharibədən sonra birinci il olmuşdur. Əlbəttə ki, müharibədən sonrakı dövr üçün keçən ilin çox böyük əhəmiyyəti olmuşdur. Bizim əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır.

Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Biz, ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. İlk növbədə, BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda beynəlxalq tədbir keçirilmişdir – Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. Əlbəttə ki, biz BMT-yə üzv olandan sonra işğalla üzləşdiyimiz dövrdə gördük ki, BMT, onun Təhlükəsizlik Şurası ədalətli qərarlar qəbul etmişlər. Əfsuslar olsun ki, bu qərarlar 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmışdır. Ancaq Qarabağ münaqişəsinin həlli, Azərbaycan tərəfindən birtərəfli həlli, eyni zamanda, BMT-nin üzərindən bu yükü götürmüş oldu. Şuşa şəhərində bu tədbirin, bir daha demək istəyirəm ki, xüsusi əhəmiyyəti var idi və təsadüfi deyil ki, Ermənistanda bu, növbəti panikaya, isterikaya səbəb olmuşdur”.