PREZİDENT İLHAM ƏLİYEV BRÜSSELDƏ UKRAYNA PREZİDENTİ VLADİMİR ZELENSKİ İLƏ GÖRÜŞÜB

Dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

Prezident İlham Əliyev dedi:

– Hörmətli cənab Prezident, Sizi yenidən görməyimə çox şadam.

Sizin Azərbaycana səfərinizi məmnunluqla xatırlayıram. İkitərəfli münasibətlərimizin inkişafı üçün o səfərin çox böyük əhəmiyyəti var idi. Şadam ki, səfərdən sonra bütün verdiyimiz təlimatlar yerinə yetirilir və Ukrayna-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Əlbəttə, çox maraqlıyıq ki, bu əlaqələri daha da genişləndirək.

Əlbəttə ki, şəxsi təmaslar bu məqsədlərə nail olmaq üçün xüsusi şərait yaradır. Əminəm ki, bugünkü görüşümüz də çox məhsuldar və uğurlu olacaq.

Bu gün biz Sizinlə birlikdə Şərq Tərəfdaşlığı Zirvə görüşündə iştirak edəcəyik. Bu gün işimiz çoxdur.

XXX

Prezident Volodimir Zelenski:

– Doğrudur, işimiz çoxdur. Zati-aliləri cənab Prezident, Sammit çərçivəsində ayrıca bir görüşün keçirilməsinə görə Sizə minnətdarlığımı bildirirəm. Ölkənizin siyasətində bizə davamlı olaraq dəstək olduğunuza, ərazi bütövlüyümüzü və suverenliyimizi dəstəklədiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

İki il bundan əvvəl Azərbaycandakı görüşümüzlə bağlı çox yaxşı xatirələrim var. Azərbaycan çox qonaqpərvər ölkədir. Fürsətdən istifadə edərək Sizi Ukraynaya səfərə dəvət edirəm. Ümid edirdim ki, Siz bizim müstəqilliyimizin 30-cu ildönümündə ölkəmizə səfər edəcəkdiniz, lakin COVID-ə görə bu günlərdə dünyada vəziyyətin çətin olduğunu da başa düşürəm. Lakin müstəqilliyin 30-cu il dönümü bütün il ərzində qeyd olunur – avqust ayından növbəti ilin avqust ayınadək. Buna görə ümid edirəm ki, Siz imkan tapıb Ukraynaya gələcəksiz və biz Sizin səfərinizi səbirsizliklə gözləyəcəyik.

X X X

Söhbət zamanı, həmçinin hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olundu, biznes dairələrinin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi, xüsusilə enerji sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.