PREZİDENT İLHAM ƏLİYEV BÖYÜK BRİTANİYANIN BEYNƏLXALQ ENERJİ VƏ İQLİM ÜZRƏ NAZİRİNİ QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının beynəlxalq enerji və iqlim üzrə naziri Keri Makkartini qəbul edib.

COP29-un əhəmiyyətinə toxunan Prezident İlham Əliyev onun keçirilməsi ilə bağlı Azərbaycanın bir ildən də az vaxtı olmasına baxmayaraq, ölkəmizdə bu tədbirlə əlaqədar yüksək səviyyədə hazırlıq işlərinin getdiyini bildirib.

Azərbaycanın ölkələr və beynəlxalq aləmin qlobal iştirakçıları arasında körpü qurulması işində fəal rol oynadığını deyən dövlətimizin başçısı vurğulayıb ki, ölkəmiz uzun illərdir beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirir və Qoşulmama Hərəkatına uğurla sədrlik etmişdir. Bütün bunlar da COP29-un təşkili üçün yaxşı əsas yaradır.

Söhbət zamanı Azərbaycanın və Böyük Britaniyanın COP komandaları arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub, Britaniya hökumətinin gündəliyində iqlim dəyişməsinin prioritet məsələ olduğu bildirilib.

Görüşdə bərpaolunan enerji sahəsində ölkələrimiz arasında əməkdaşlığın perspektivləri, həmçinin Azərbaycanın COP-un gündəliyində duran prioritetləri və təşəbbüsləri müzakirə olunub.

Dövlətimizin başçısı Azərbaycanın bərpaolunan enerji istiqamətində həyata keçirdiyi tədbirlərə toxunub. Ölkəmizin bərpaolunan enerji potensialının artması, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə çəkiləcək kabel xətti üzrə dördtərəfli layihə, həmçinin Mərkəzi Asiya ilə Azərbaycanı birləşdirən bərpaolunan enerji layihəsi barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı COP29-un gündəliyinin müəyyən edilməsi baxımından Bakıda keçirilən COP-öncəsi tədbirin əhəmiyyətinə toxunulub.