PREZİDENT İLHAM ƏLİYEV BMT-NİN “KİBERCİNAYƏTKARLIĞA QARŞI” KONVENSİYASI ÜZRƏ SƏLAHİYYƏTLİ ORQANLARI MÜƏYYƏN EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının “Kibercinayətkarlığa qarşı” Konvensiyasının Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilməsi haqqında Qanunu imzalayıb.

Qanuna əsasən, Konvensiya çərçivəsində kibercinayətlərlə bağlı qarşılıqlı hüquqi yardım barədə sorğuların qəbulu, icrası və ya belə sorğuların icraya məsul olan orqanlara göndərilməsi, kibercinayətkarlığın qarşısının alınması məqsədilə digər iştirakçı dövlətlərə konkret tədbirlərin hazırlanmasında və həyata keçirilməsində yardımın göstərilməsi səlahiyyətləri, həmçinin belə yardımı təmin etmək üçün günün iyirmi dörd saatı, həftənin yeddi günü fəaliyyət göstərən (24/7) əlaqə mərkəzi funksiyaları Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən, ekstradisiya və ya müvəqqəti həbsə dair sorğuların göndərilməsi və qəbul edilməsi Ədliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.