Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti Filemon Yanq ilə görüşüb.
BMT-nin Azərbaycan ilə əlaqələrinin çox yüksək səviyyədə olduğunu deyən Filemon Yanq ölkəmizin BMT Nizamnaməsinə tam sadiq olduğunu vurğulayıb.
COP29-un yüksək səviyyədə təşkil olunduğunu qeyd edən BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti bu tədbirin keçirilməsinin heç də asan olmadığını, hazırlıq prosesinin cəmi 11 ay çəkdiyini vurğulayıb.
Filemon Yanq Azərbaycanın yaşıl keçid və yaşıl enerji konsepsiyalarını qeyd edib.
Qonaq BMT Baş Assambleyasının gənc, peşəkar azərbaycanlı kadrları dəstəklədiyini deyib.
Prezident İlham Əliyev Azərbaycanın qısa müddət ərzində COP29-u yüksək səviyyədə təşkil etdiyini vurğulayaraq deyib ki, bu, ölkəmizin iqlim dəyişmələri ilə bağlı mübarizədə beynəlxalq səyləri dəstəkləmək əzmini göstərir.
COP prosesində artıq ilkin irəliləyişlərin olduğunu qeyd edən dövlətimizin başçısı COP29-da Paris Sazişinin 6-cı bəndi və beynəlxalq maliyyə qurumlarının yeni maliyyə hədəfləri ilə bağlı açıqlamaları müsbət hal kimi qiymətləndirib.
Azərbaycan Prezidenti ölkəmizə və COP-a qarşı geniş təbliğat kampaniyasının aparıldığını deyib.
Prezident İlham Əliyev Azərbaycanın çoxşaxəli diplomatik əlaqələrinin olduğunu qeyd edərək, ölkəmizin geniş coğrafi əhatəsi olan strateji tərəfdaşlıq münasibətləri qurduğunu bildirib.
Dövlətimizin başçısı Qlobal Cənub ölkələri olaraq inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin artırılmasının vacibliyini vurğulayıb, dünyada mövcud olan geosiyasi arxitekturanın dəyişdirilməsinin və ədalətin təmin olunmasının zəruriliyini bildirib.