PREZİDENT İLHAM ƏLİYEV: “BİZ SÜLH İSTƏYİRİK VƏ BU GÜN SÜLHÜ TƏBLİĞ EDİRİK”

Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik.
Bunu Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
“Biz artıq Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatının yaxşı nəticələrinin şahidi olduq. Hesab edirəm ki, biz səylərimizi birləşdirərək mövqelərimizi gücləndirəcəyik və sülhə töhfə verəcəyik. Çünki ölkələrimiz regionda sülh və ədalətin tərəfdarıdır. Biz beynəlxalq hüququn işləmədiyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il ərzində icra edilmədiyini, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana qarşı sanksiyaların tətbiq olunmadığını, Ermənistanın cəzalandırılmadığını və sonsuz danışıqların dalana dirəndiyini görəndə ədaləti özümüz bərpa etməli olduq. Yəni, beynəlxalq hüquq işləmədiyi halda, o, güc vasitəsilə həyata keçirilməlidir. Biz buna nail olduq və bunu bütün dünyaya nümayiş etdirdik.
Ancaq biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik. Beləliklə, bizim hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunması işinə töhfə verəcək. Bir daha xoş gəlmisiniz. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi və həmkarlarınızla səmərəli iş aparmağı arzulayıram”.