PREZİDENT İLHAM ƏLİYEV BEYNƏLXALQ VALYUTA FONDUNUN SƏRƏNCAMÇI DİREKTORU İLƏ GÖRÜŞÜB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Beynəlxalq Valyuta Fondunun (BVF) Sərəncamçı direktoru Kristalina Georgiyeva ilə görüşüb.

Prezident İlham Əliyev COP29-da iştirakına görə Kristalina Georgiyevaya minnətdarlığını bildirib.

Dövlətimizin başçısı Azərbaycan ilə BVF arasında əməkdaşlığın səviyyəsindən razılığını ifadə edib, əməkdaşlığımızın böyük hissəsinin iqtisadi və maliyyə siyasəti üzrə məsləhətləşmələrdən ibarət olduğunu vurğulayıb.

Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlığın davam etdirilməsinin önəmini bildirən dövlətimizin başçısı xüsusən də Azərbaycanın COP29-a sədrliyi dövründə inkişaf etməkdə olan ölkələrə əlavə maliyyə təminatı üçün fəal şəkildə iş aparılacağını deyib.

COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Kristalina Georgiyeva bu tədbirin Azərbaycanda ən yüksək səviyyədə təşkil edilməsi ilə bağlı təbriklərini çatdırdı və onun uğurla başa çatacağına əminliyini bildirib.

Kristalina Georgiyeva Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında maliyyə sahəsində əməkdaşlığın genişləndirlməsi üçün əlavə potensialın olduğunu qeyd edib və ölkəmizi BVF vasitəsilə inkişaf etməkdə olan ölkələrə iqlim çağırışları ilə bağlı yardım proqramlarında iştiraka dəvət edib.

Prezident İlham Əliyev bu istiqamətdə BVF ilə əməkdaşlıq təklifini müsbət qiymətləndirib, qısa zamanda bunun üçün Azərbaycan tərəfindən zəruri addımların atılacağını deyib.

Söhbət zamanı ölkəmizlə BVF arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.