Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə üzərində praktiki iş bir ildən bir qədər artıq bundan əvvəl başlanıb.
Bunu fevralın 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə mətbuata bəyanatla çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib:
“Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə üzərində praktiki iş bir ildən bir qədər artıq bundan əvvəl başlanıb. Bu müddətdə ölkələrimizin müvafiq ekspert qrupları tərəfindən 43 bənddən ibarət olan və praktiki olaraq fəaliyyətimizin bütün əsas sahələrini əhatə edən çox geniş sənəd razılaşdırılıb. Bəyannamənin birinci bəndində deyilir ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında quracaqlar. Bu bənd bizim münasibətlərimizin xarakterinə, ona dəlalət edir ki, bu münasibətlər zamanın sınağından çıxıb və artıq dediyim kimi, dostluq hisslərinə, qarşılıqlı maraqlara və gələcəyə yönəlməyə əsaslanır. Ona görə ki, bu sənəd təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək üçün böyük perspektivlər açır. Biz qarşılıqlı siyasi fəaliyyəti artıracaq, əvvəl olduğu kimi, yenə bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyəcək, qarşılıqlı ticarətin həcmini artıracaq və gündəlikdəki bütün məsələləri həll edəcəyik”.