Ermənistanın taktikası danışıqlar prosesində iştirakla bağlı imitasiya yaratmaq, həlledici addım atmaq lazım gəldikdə isə, Fransa danışıqlarında olduğu kimi, geri çəkilmək idi. 2009-cu ildə Ermənistan tərəfi əslində Dağlıq Qarabağın ətrafındakı ərazilərin azad edilməsini nəzərdə tutan həll variantını rədd etdi.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışında söyləyib.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, əgər belə demək mümkündürsə, mənəviyyat müharibəsi aparırdı: “Müharibə başlayarkən mənim hərbi qulluqçulara dərhal verdiyim əmrlərdən biri ləyaqətlə, mötədil davranmaq, mülki vətəndaşlara zərər yetirməmək barədə oldu. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunu aydın göstərdi:
“Biz əraziləri azad edirdik. Bu ərazilərdən bəziləri qanunsuz məskunlaşmışdı. Ona görə də bizim hücumlarımız, texniki imkanlarımız yalnız hərbi obyektlərə yönəlmişdi. Ermənistan tərəfdən 40-dan az olan qurbanların böyük hissəsi hərbi əməliyyatlarda iştirak edib”.