PREZİDENT İLHAM ƏLİYEV AĞDAM-ƏSGƏRAN-XOCALI-XANKƏNDİ AVTOMOBİL YOLUNDA APARILAN İŞLƏRLƏ TANIŞ OLUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il 13 yanvar tarixli Sərəncamı ilə Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir.

Bildirilib ki, uzunluğu 33,6 kilometr olan yolda 5 körpünün, 2 keçidin, suötürücü boruların tikintisi və digər infrastruktur işləri görülür. Yol bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək.

Avtomobil yolu Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlərin Ağdam şəhərinə daxil olmadan bu dairəvi yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam etdirmələrinə imkan verəcək.