PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİKLƏR GƏLMƏKDƏ DAVAM EDİR

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Sizin rəhbərliyinizlə Azərbaycanın regionda yaratdığı yeni reallıq, qazandığı tarixi nailiyyətlər xaricdə yaşayan azərbaycanlılar üçün böyük iftixar mənbəyidir. Milli həmrəyliyimizin güclənməsi, dövlətimizin daha da inkişafı, beynəlxalq miqyasda nüfuzunun artması ilə bağlı əldə olunan bütün nailiyyətlər birbaşa Sizin möhkəm iradənizin, qətiyyətinizin və uzaqgörən liderliyinizin nəticəsidir. Sizin sayənizdə beş il əvvəl qazanılan tarixi Zəfər bu gün də hər bir azərbaycanlının qəlbində qürur və birlik hissini yaşadır.

Biz, Vətəndən uzaqda yaşayan azərbaycanlılar ölkəmizin uğurları ilə fəxr edirik, Sizin siyasətinizi dəstəkləyirik və hər zaman yanınızdayıq.

Cənab Prezident, Sizi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirik. 2026-cı ildə Sizə və ölkəmizə yeni-yeni nailiyyətlər arzulayırıq”.

xxx

14:30

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən və Azərbaycan milli musiqisini, mədəni irsini, klassik və müasir incəsənətini yaşadan və dünyaya tanıdan “Baku Production” layihəsinin təsisçiləri olaraq Sizə dərin ehtiram, qürur və minnətdarlıq hissi ilə müraciət edirik.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycanı daha parlaq sabahlara aparan yolda böyük uğurlar arzulayırıq.

Son illər Azərbaycan xalqı Sizin rəhbərliyinizlə tarixin ən şərəfli dönəmini yaşayır. Beş il öncə qazanılmış şanlı Zəfər xalqımızın milli yaddaşına əbədi həkk olunmuş, bütün dünyada yaşayan azərbaycanlılara böyük ruh yüksəkliyi, iftixar hissi bəxş etmişdir. Tarixi Zəfərimiz Azərbaycan xalqının əzmini, iradəsini və birliyini bütün dünyaya nümayiş etdirdi. Zəfərin yaratdığı milli ruh və qürur gələcək nəsillərə yol göstərən əbədi bir işıq olacaqdır. Arzu edirik bu Zəfərin işığı daim sönməz olsun, güc və ilham mənbəyi kimi xalqımızı daha böyük zirvələrə aparsın.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunması dövlətimizin müstəqilliyinin dönməzliyini, milli iradəmizin gücünü və Zəfərdən doğan yeni geosiyasi reallığın möhkəmlənməsini təsdiqləyən böyük bir hadisədir. Biz bu ili yalnız təqvim kimi deyil, həm də ürəklərimizdə, milli kimliyimizi yaşatdığımız bütün mədəni layihələrimizdə qeyd etdik.

Sizin qətiyyətli və uzaqgörən siyasətiniz Azərbaycanı bu gün beynəlxalq arenada öz sözünü inamla deyən, haqqını qoruyan və mədəni irsini fəxrlə təbliğ edən güclü bir dövlətə çevirmişdir. Məhz bu siyasətin nəticəsidir ki, biz – Kanadada yaşayan mədəniyyət təbliğatçıları Azərbaycan incəsənətini, musiqisini, muğamını, xalq mahnılarını müxtəlif icmalara böyük qürurla təqdim edirik.

Əsas məqsədimiz milli musiqimizi, sənət irsimizi qorumaq, gələcək nəsillərə çatdırmaq və Azərbaycanın adını Kanadada ən yüksək səviyyədə təmsil etməkdir. Bu missiyanı yerinə yetirərkən Sizin uğurlu siyasətiniz bizə həm güc, həm motivasiya, həm də istiqamət verir.

Hörmətli cənab Prezident, Sizi, həmçinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də ürəkdən təbrik edirik. Yeni ilin Vətənimizə əvvəlki illərdə olduğu kimi, firavanlıq, rifah və davamlı qələbələr gətirməsini diləyirik”.

xxx

14:10

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik.

Hansı ölkədə yaşamalarından asılı olmayaraq bütün azərbaycanlılar Sizinlə fəxr edirlər. Sizin qürur mənbəyi olan uzaqgörən siyasətiniz sayəsində ölkəmiz sürətlə inkişaf edir, onun beynəlxalq aləmdə nüfuzu getdikcə daha da artır. Azərbaycan dövlətinin güclənməsini böyük fəxarət və sevinc hissi ilə izləyirik.

Sizin qətiyyətli rəhbərliyinizlə beş il əvvəl Azərbaycan tarixində yeni bir mərhələ başlandı və torpaqlarımızın işğaldan azad edilməsi xalqımızın yaddaşına əbədi olaraq şanlı Zəfər kimi həkk olundu. Ötən illər ərzində həmin Qələbənin möhkəmləndirilməsi, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi və insanların öz doğma yurdlarına qaytarılması Sizin yorulmaz fəaliyyətiniz sayəsində reallığa çevrilmişdir.

Ölkəmizin suverenliyinin bərpası, inkişaf edərək möhkəmlənməsi istiqamətində həyata keçirdiyiniz uğurlu siyasətə görə Azərbaycan-Yaponiya Dostluq Mərkəzi adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, biz, Yaponiyada yaşayan azərbaycanlılar hər zaman doğma Vətənimizin inkişafına və Azərbaycanın maraqlarının beynəlxalq aləmdə təşviqinə öz töhfəmizi verməyə hazırıq. Əminik ki, Sizin rəhbərliyinizlə ölkəmiz gələcəkdə daha böyük nailiyyətlərə imza atacaqdır.

Fürsətdən istifadə edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Sizə təbriklərimizi çatdırır, xalqımızın müdrik lideri kimi dərin ehtiramımızı bildiririk.

Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, şərəfli fəaliyyətinizdə yeni uğurlar, zəfərlər arzulayırıq.

Yaşasın Azərbaycan!”

xxx

14:07

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоv Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

“Konstitusiya və Suverenlik İli” olan 2025-ci il mühüm təşəbbüslər və nailiyyətlərlə yadda qalır. Sizin uzaqgörən siyasətiniz, strateji addımlarınız sayəsində Azərbaycan bu gün dünyada öz mövqeyini daha da möhkəmləndirir, milli maraqlarını ardıcıl şəkildə müdafiə edir, güclü və sülhsevər bir dövlət kimi beynəlxalq ictimaiyyətin hörmətini qazanır.

Bu il həm də Zəfər Gününün beşinci ildönümünün qeyd edilməsi ilə əlamətdar oldu və bu, Azərbaycan tarixində yeni bir fəsil açdı.
Bu mühüm tarixə həsr olunmuş tədbirlər, regional sabitliyin və təhlükəsizliyin gücləndirilməsi istiqamətində səyləriniz, Zəngəzur dəhlizinin açılması ilə bağlı görülən işlər, keçirilən beynəlxalq görüşlər və azad edilmiş ərazilərin bərpası üçün həyata keçirilən genişmiqyaslı tədbirlər – bütün bunlar tarixi Qələbənin məntiqi davamıdır.

Xaricdəki Azərbaycan diasporuna göstərilən diqqəti xüsusi qeyd etmək istəyirəm. Yeni həftəsonu məktəblərinin yaradılması gənc nəslin Azərbaycan dilini öyrənməsinə, mədəniyyəti ilə tanış olmasına, eyni zamanda birgə mədəni layihələrin həyata keçirilməsi digər xalqların Azərbaycanın mədəni irsinin zənginliyinin şahidi olmasına imkan yaradır.

Cənab Prezident, Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirəm. Göstərdiyiniz diqqət və qayğıya, həyata keçirdiyiniz uğurlu siyasətə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. 2026-cı ilin bütün Azərbaycan üçün daha da uğurlu olmasını arzulayıram”.

xxx

14:03

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik.

Sizin rəhbərliyinizlə “Konstitusiya və Suverenlik İli” olan 2025-ci il də uğurlarla və qürur mənbəyi olan hadisələrlə zəngin keçdi. Azərbaycan Respublikasının beynəlxalq müstəvidə öz sözünü inamla deməsi, milli maraqların ardıcıl şəkildə müdafiəsi və ölkənin dünya tərəfindən sülhsevər və güclü bir dövlət kimi qəbul olunması məhz Sizin siyasi iradəniz nəticəsində reallaşmışdır.

Vətən müharibəsində qazanılan Zəfərin 5 illiyinin qeyd olunduğu bu il Azərbaycan xalqının yaddaşına bir sıra mühüm uğurlarla həkk olundu. Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər, müxtəlif ölkələrin dövlət başçıları ilə keçirilən mühüm görüşlər, işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafı üçün atılan addımlar və s. bu uğurlara nümunədir.

Diaspor fəaliyyətinin genişləndirilməsi istiqamətində görülən işləri də xüsusi qeyd etmək istərdik. Belə ki, xarici ölkələrdə yaradılan yeni həftəsonu məktəbləri gənclərimizin milli ruhda yetişdirilməsində mühüm rol oynamışdır. Diaspor nümayəndələri və digər qurumlarla birlikdə təşkil olunan mədəni proqramlar və digər tədbirlər müxtəlif xalqların Azərbaycan mədəniyyəti və reallıqları barədə daha dolğun məlumat əldə etməsinə şərait yaratmış, ölkəyə marağı artmışdır. Bütün bunlar məhz Sizin xaricdə yaşayan həmvətənlərlə bağlı siyasətinizin bəhrələridir.

Cənab Prezident, Sizi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, 2026-ci ilin də zəfər, sülh, nailiyyət, firavanlıq ili kimi yadda qalmasını diləyirik”.

xxx

14:00

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurası adından Sizi doğum gününüz münasibətilə təbrik edirik.

Azərbaycan dövlətinin güclənməsi, xalqımızın rifahının yüksəlməsi, ölkəmizin regional və qlobal proseslərdə aparıcı mövqeyə sahib olması istiqamətində göstərdiyiniz əvəzsiz xidmətlərə görə Sizə ən yüksək ehtiramımızı bildiririk. Sizin müdrik siyasətiniz, uğurlu fəaliyyətiniz bu gün milyonlarla azərbaycanlı üçün qürur mənbəyidir.

Bu il biz Qarabağ Zəfərinin 5 illiyini böyük fərəh hissi ilə qeyd etik.
Beş il öncə Azərbaycanın müasir tarixində yeni bir dövr başlanmış, Sizin qətiyyətli rəhbərliyiniz, Müzəffər Ali Baş Komandan kimi müstəsna siyasi iradəniz və Azərbaycan Ordusunun rəşadəti nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Qarabağ Zəfəri həm xalqımızın milli iradəsinin, həm də dövlətimizin gücünün parlaq təcəssümüdür. Bu zəfər dünya azərbaycanlıları üçün iftixar mənbəyinə çevrilmiş, Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirmişdir.

Sizin rəhbərliyinizlə həyata keçirilən ardıcıl siyasi, diplomatik və hərbi strategiya sayəsində təkcə işğala son qoyulmadı, eyni zamanda bölgədə dayanıqlı inkişaf, sülh və təhlükəsizliyə yeni baxış formalaşdırıldı. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri məhz Sizin müdrik rəhbərliyinizin nəticəsidir.

Cənab Prezident, Sizi, eyni zamanda, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik etməkdən şərəf duyuruq. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız bu bayramı Sizin həyata keçirdiyiniz uğurlu diaspor siyasətinin nəticəsi kimi daha böyük birlik, həmrəylik və milli özünüdərk ruhu ilə qeyd edirlər. Biz – Ərəb ölkələrində yaşayan azərbaycanlılar olaraq hər zaman Vətənə bağlılıqla fəaliyyət göstərir, Azərbaycan həqiqətlərinin təbliği, dövlətimizin maraqlarının müdafiəsi və milli birliyin gücləndirilməsi istiqamətində səylərimizi davam etdiririk.

2026-cı ilin Sizin rəhbərliyinizlə Azərbaycan üçün daha böyük nailiyyətlər, zəngin inkişaf perspektivləri və dayanıqlı tərəqqi ili olacağına əminliyimizi ifadə edirik. Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq”.

xxx

13:48

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi dərin hörmət və ehtiramla salamlayır, doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan Respublikasının daha da inkişafı üçün fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

Bu il 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbənin
5-ci ildönümünü böyük iftixar hissi ilə qeyd etdik. Sizin uzaqgörən siyasətiniz, əzminiz, qətiyyətiniz və xalqın milli birliyi bu möhtəşəm Zəfərin reallaşmasında mühüm rol oynamışdır. Azərbaycan xalqının qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan bu Qələbə müdrik rəhbərliyinizin parlaq təcəssümüdür.

Sizi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2026-cı il münasibətilə də səmimi-qəlbdən təbrik edir, xalqın həmrəyliyinin, milli birliyinin daha da möhkəmlənməsini, ölkənin davamlı şəkildə böyük nailiyyətlər, zəfərlər qazanmasını arzu edirik”.

xxx

13:36

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə ABŞ-nin Texas ştatının Hyuston şəhərində yaşayan azərbaycanlılar adından səmimi-qəlbdən təbrik edirəm. Sizin sayənizdə Azərbaycan bu gün dünyada öz sözünü qətiyyətlə deyən, haqqını qoruyan, xalqını birləşdirən bir dövlət kimi tanınır və ucalır.
Biz harada yaşamağımızdan asılı olmayaraq bu ucalığın bir parçası olmaqdan qürur duyuruq.

Sizin rəhbərliyinizlə Azərbaycan son beş ildə tarixinin ən parlaq səhifələrindən birini yazdı. Beş il əvvəl qazandığımız Zəfər təkcə hərbi qələbə deyil, həm də uzun illər boyu ürəklərdə yaşayan haqq-ədalətə qovuşma arzusunun reallığa çevrilməsidir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilməsi isə həmin Zəfərin mənəvi davamı, dövlətimizin əzmkarlığının və iradəsinin daha bir göstəricisidir. Sanki Zəfərdən doğan işıq bu dəfə dövlətçilik sütunlarımızı daha da möhkəmləndirir, suverenliyimizin səsi hər bir azərbaycanlının qəlbində yenidən ucalır. Biz bu ili yalnız təqvimdə yox, ruhumuzda, yaddaşımızda, dövlətçilik sevgimizdə qeyd edirik. Dünyanın müxtəlif guşələrində yaşayan biz azərbaycanlılar Vətənlə aramızdakı məsafələrə baxmayaraq, Sizin qətiyyətli siyasətinizlə güc tapırıq. Hər çıxışınız, hər addımınız bizim üçün ruh yüksəkliyi, ilham mənbəyi olur. Biz Sizi dəstəkləməklə təkcə bir liderə yox, həm də Vətənimizin əzəmətinə, gücünə, gələcəyinə inamımızı ifadə edirik.

Sizi qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edir, 2026-cı ildə Sizə və ölkəmizə daha böyük zəfərlər, xalqımıza firavanlıq arzu edirik”.

xxx

13:33

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəray Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

ABŞ-nin Yuta ştatında yaşayan azərbaycanlılar adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Biz, dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlılar Sizin xarici siyasətinizin uğurlarını, milli dəyərlərə söykənən inkişaf strategiyanızı, rəhbərliyinizlə həyata keçirilən islahatları, dövlətimizin keçdiyi inkişaf yolunu böyük qürurla izləyirik. Azərbaycan bu gün dünyada güclü və etibarlı dövlət kimi tanınır. Vətənimizin nailiyyətləri bizi çox sevindirir.

Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində qazanılan və bu il beş illiyini qeyd etdiyimiz şanlı Zəfər qətiyyətinizin, uzaqgörənliyinizin və milli maraqlara möhkəm bağlılığınızın nəticəsidir. Azərbaycan xalqının uzun illər həsrətində olduğu torpaqlar azad edilmiş, tarixi ədalət bərpa olunmuşdur. Zəfər Günü yalnız hərbi qələbəmiz deyil, həm də milli birliyimizin, xalq-dövlət həmrəyliyinin parlaq təcəssümüdür.
Bu möhtəşəm günün yaratdığı tarixi qüruru yaşayırıq və bu qürurun memarı kimi Sizin liderliyinizi alqışlayırıq.

Son illər Azərbaycan ilə Yuta ştatı arasında formalaşmağa başlayan əlaqələr bizi xüsusilə sevindirir. İqtisadiyyat, təhsil, mədəniyyət sahələrində yaranan bu yeni əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət edir. Bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə inanırıq.

Cənab Prezident, Sizin prinsipial mövqeyiniz, Qarabağın yenidən qurulması istiqamətində gördüyünüz işlər və Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu bizim üçün böyük motivasiya mənbəyidir. Biz, Yutada yaşayan azərbaycanlılar daim Vətənimizin yanındayıq.

Doğma Azərbaycanımızın gələcək inkişafı yolunda Sizə yeni-yeni nailiyyətlər arzulayırıq. Qoy ölkəmiz daim güclü və qüdrətli, xalqımızın birliyi və bütövlüyü əbədi olsun!”

xxx

13:27

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Ən səmimi və xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar və bütün arzularınızın asanlıqla reallaşmasını diləyirəm.

“Komsomolskaya pravda”nın bu xüsusi yubiley ilində Sizə dostluğunuza görə səmimi-qəlbdən təşəkkür edirəm”.

xxx

13:24

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük şərəf duyuram.

Qarabağ Zəfəri ilə müasir Azərbaycan dövlətçiliyinin qüdrətini bütün dünyaya nümayiş etdirmiş Lider, Türk dünyasının qürur mənbəyi olaraq Sizin qətiyyətli və uzaqgörən siyasi rəhbərliyinizlə Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik yolunu tarixi Zəfərlə başa çatdıraraq 30 illik işğala son qoymuşdur. Bu möhtəşəm nailiyyət milli tariximizdə mühüm dönüş nöqtəsi olmaqla yanaşı, Türk dünyasının ortaq yaddaşında da silinməz iz buraxmışdır və xalqın birliyinin, siyasi iradəsinin və dövlətçilik əzminin parlaq təcəssümüdür.

Bu əlamətdar gündə Türk Dövlətləri Parlament Assambleyası adından Sizi təbrik etməklə yanaşı, qeyd etmək istərdim ki, Sizin rəhbərliyinizlə yazılmış Zəfər salnaməsi Türk dünyasında mənəvi həmrəyliyin möhkəmlənməsinə, ortaq dəyərlər ətrafında daha sıx birləşməyə və gələcəyə birlikdə inamla addımlamağa mühüm töhfə vermişdir. Bu gün Türk dünyası Sizin liderliyinizə və xidmətlərinizə dərin ehtiramla və minnətdarlıqla yanaşır.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, uzun və gümrah ömür, Azərbaycan Respublikasının davamlı inkişafı və xalqımızın rifahı naminə həyata keçirdiyiniz ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

xxx

13:22

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizin siyasi karyeranız cəsarətlə irəliləyən, dürüstlük, qətiyyət və ölkəsinin taleyinə görə məsuliyyət nümayiş etdirən, enerjisi ilə həmfikir insanları və tərəfdarları ruhlandıran bir liderin yoludur.

Sizin çoxillik fədakar əməyiniz sayəsində Azərbaycan sosial-iqtisadi inkişafda, dövlətçiliyinin möhkəmləndirilməsində və beynəlxalq nüfuzunun yüksəldilməsində mühüm nəticələrə nail olmuşdur.

Rusiya-Azərbaycan parlament dialoqunun genişləndirilməsi məsələlərinə göstərdiyiniz davamlı diqqəti minnətdarlıqla qeyd edirəm. 2025-ci ilin mart ayında Bakıya səfərimi xüsusi səmimiyyətlə xatırlayıram. Mənə göstərdiyiniz mehriban münasibəti yüksək dəyərləndirirəm.

Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqının rifahı naminə məsuliyyətli fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

xxx

13:17

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə dost Azərbaycan milli iqtisadiyyatın və sosial sahənin inkişafına, vətəndaşlarının rifahının yaxşılaşdırılmasına və beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsinə yönəlmiş genişmiqyaslı islahatlar yolu ilə inamla irəliləyir.

Rusiya-Azərbaycan münasibətlərinin mehriban qonşuluq və qarşılıqlı hörmət ruhunda möhkəmləndirilməsinə göstərdiyiniz daimi diqqəti xüsusilə qeyd etmək istərdim. Ən yüksək səviyyədə qəbul edilmiş qərarlara uyğun olaraq, iqtisadi-ticari və investisiya əməkdaşlığı durmadan inkişaf edir, perspektivli birgə layihələr həyata keçirilir, regionlararası əlaqələr və işgüzar təmaslar genişləndirilir.

Əminəm ki, əməkdaşlığın daha da gücləndirilməsi, müxtəlif sahələrdə yeni qarşılıqlı faydalı təşəbbüslərin təşviqi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının maraqlarına tam cavab verir.

Həmişə səmimi və etimad mühitində keçən söhbətlərimizi xoş duyğularla xatırlayıram. Konstruktiv ünsiyyətimizi davam etdirmək imkanına şad olaram.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.