PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİKLƏR GƏLMƏKDƏ DAVAM EDİR

Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbriklər gəlməkdə davam edir.

Həmin məktubları təqdim edirik:

“SAFMAR qrupu” Səhmdar Cəmiyyətinin prezidenti, Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən:

“Hörmətli İlham Heydər oğlu.

Yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Xarakter möhkəmliyiniz, öz qüvvənizə inamınız və doğma Vətəninizə səmimi sevginiz Sizə ölkənizin vətəndaşlarına xidmət etmək kimi nəcib işinizdə heyrətamiz nailiyyətlər əldə etməyə kömək edir.

Azərbaycanın qlobal siyasətdə və iqtisadiyyatda artan nüfuzu, respublikanın mədəniyyət, idman və turizm sahələrində qazandığı nailiyyətlər bütün dünyada Sizin adınızla bağlıdır.

Əminəm ki, bu gün Siz dünya liderlərindən, işgüzar dairələrin tanınmış nümayəndələrindən, görkəmli ictimai xadimlərdən, dostlarınızdan və yaxınlarınızdan xoş sözlər eşidirsiniz. Mən də səmimi qəlbdən bu təbriklərə qoşularaq Sizə cansağlığı, Azərbaycan xalqının həqiqi lideri kimi yeni nailiyyətlərə doğru addımlarınızda tükənməz enerji və yüksək ruh, yaxınlarınızla birlikdə səadət və firavanlıq arzulayıram”.

***

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən:

“Zati-aliləri.

Altmış illik yubileyiniz münasibətilə GUAM Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.

Bu yubiley müstəqil Azərbaycanın yeni və uğurlu tarixi ilə sıx bağlı olan həyatınızda əlamətdar hadisədir. Bu yubiley həm də Sizin milli dövlət quruculuğu və dövlətin inkişafı istiqamətində uzun illər davam edən gərgin, fədakar və yorulmaz fəaliyyətinizi bir daha əks etdirir. Həmçinin son onilliklərdə ölkənin mövqeyinin, nüfuzunun və rolunun müasir dünyada daha da yüksəlməsinə təkan verən əlamətdar hadisələri və tarixi nailiyyətləri özündə birləşdirir və əks etdirir.

Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişaf sahəsində və beynəlxalq məsələlərdə yeni nailiyyətlər əldə edib. Dinamik iqtisadiyyatı, güclü və müasir ordusu, fəal, sülhsevər və konstruktiv xarici siyasəti ilə Azərbaycan geostrateji əhəmiyyəti getdikcə artan regionda əsas və nüfuzlu aktora çevrilərək Şərqlə Qərb arasında yeni yaranmaqda olan enerji və kommunikasiya sistemlərində mühüm rol oynayır. Azərbaycan beynəlxalq arenada fəal və məsuliyyətli aktor, həm də sülh, dialoq və qarşılıqlı anlaşmanın carçısı, bir çox qlobal layihələrin tərəfdarı və bu layihələrə töhfə verən ölkə kimi tanınır.

2020-ci ildə Sizin komandanlığınızla Azərbaycanın şanlı Silahlı Qüvvələrinin öz tarixi torpaqlarını işğaldan azad etməsi ilə nəticələnən Vətən müharibəsində qazandığı Zəfər nailiyyətlərinizin kulminasiya nöqtəsi oldu. Bu isə ölkənizin tarixində yeni səhifə açdı, xalqın milli ləyaqətini və inamını özünə qaytardı, həmçinin milli ideya ətrafında daha da möhkəmlənərək onun tarixi əzəmətini bərpa etməyə zəmin yaratdı.

Bu nailiyyətlər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Vətən naminə fədakar xidmətinizlə davam etdirilən konsepsiya və strategiyanın uğurla həyata keçirilməsinin nəticəsidir.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, yubileyiniz və əldə etdiyiniz nailiyyətlər münasibətilə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, güc və enerji, milli lider və Ali Baş Komandan kimi xalqın və ölkənin tərəqqisi və rifahı naminə tarixi missiyanızda yeni-yeni böyük nailiyyətlər diləyirəm”.

***

“Total Energies” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agutdan:

“Zati-aliləri, hörmətli cənab Prezident.

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək, “Total Energies” şirkətinin adından və şəxsən öz adımdan Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan dövlətinin inkişafı və xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulamaqdan məmnunluq duyuram.

Mən “Total Energies” şirkəti ilə Azərbaycan hökuməti arasında əməkdaşlığa böyük əhəmiyyət verirəm. Biz Azərbaycanda 25 ildən artıqdır ki, fəaliyyət göstəririk. Şirkətimiz SOCAR-la birlikdə “Abşeron” yatağından qazın nəql olunmasına və Azərbaycanda enerji sektorunun uzunmüddətli inkişafına töhfə vermək işinə sadiqdir.

Zati-aliləri, Sizin bu il dekabrın 7-də “Total Energies” şirkətinin nümayəndələrini qəbul etməyinizi yüksək qiymətləndiririk. Biz gələcək illərdə əməkdaşlığımızın daha da inkişafına və möhkəmlənməsinə ümid edirik”

***

“ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarovdan:

“Çox hörmətli İlham Heydər oğlu,

İcazə verin, yubileyiniz münasibətilə “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun rəhbərliyi və kollektivi adından 60 illik yubileyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsində dövlətin mənafeləri və xalqın rifahı naminə səmimi qayğı ilə səciyyələnən fəaliyyətiniz Sizə hörmət qazandırmış və ölkənizin hüdudlarından çox-çox kənarda nüfuzunuzun artmasına səbəb olmuşdur. Vətəndaş cəsarəti, ən çətin vəziyyətlərdə təmkinlilik və dözümlülük, daha uğurlu gələcəyə inamınız insanlarda nikbinlik yaradır, onları quruculuq fəaliyyətinə sövq edir, Azərbaycan xalqına ruh yüksəkliyi və inam mənbəyi kimi xidmət edir. Əminik ki, Sizin dövlət xadimi kimi istedadınız, dərin biliyiniz, insan kimi gözəl keyfiyyətləriniz Azərbaycan dövlətinin qüdrətinin artmasına, vətəndaşların rifahının yüksəldilməsinə uzun illər xidmət edəcəkdir.

Sizə bu əlamətdar gündə möhkəm cansağlığı, tükənməz enerji, gözəl ölkənizin zəhmətkeş xalqının rifahı naminə yeni böyük nailiyyətlər arzularımı qəbul edin”.

***

“İsraildə Azərbaycan Evi”nin Koordinasiya Şurasından:

“Möhtərəm cənab Prezident.

“İsraildə Azərbaycan Evi” diaspor təşkilatının Koordinasiya Şurası üzvlərinin adından Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik.

Sizin məqsədyönlü, ardıcıl və yorulmaz fəaliyyətiniz sayəsində Vətən müharibəsində qazanılan şanlı Zəfər qardaş Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olundu. Azərbaycanın Qələbəsi dünyada real şəkildə nümayiş etdirdi ki, bu, igid Azərbaycan əsgərinin və zabitinin, bütün xalqın hərbi, siyasi, mənəvi və texnoloji Qələbəsi, şəxsən Sizin – Azərbaycan Prezidentinin Qələbəsidir.

Biz “İsraildə Azərbaycan Evi” diaspor təşkilatı olaraq hər zaman informasiya müharibəsində və diaspor fəaliyyətində Sizə öz dəstəyimizi verməyə hazırıq.

Azərbaycan Respublikası beynəlxalq miqyasda bütün sahələrdə əhəmiyyətli uğurlar əldə edib. Sizin rəhbərliyinizlə əldə edilən nailiyyətlər gələcək uğurların möhkəm təməlini təşkil edir və bütün türk dünyasında böyük fərəh hissi ilə qarşılanır.

Umud edirik ki, İsrail və Azərbaycan arasında əlaqələrin inkişafına göstərdiyiniz xüsusi diqqət xalqlarımız arasında mövcud tarixi əlaqələrin daha da möhkəmlənməsinə önəmli töhfə verməkdə davam edəcək. Biz, əslən Azərbaycandan olan israillilər çox fəxr edirik ki, Azərbaycan sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun əsl nümunəsidir. Azərbaycanın öz multikulturalizm modeli var.

Möhtərəm cənab Prezident, bu xoş fürsətdən istifadə edərək “İsraildə Azərbaycan Evi”nin fəaliyyətinə göstərdiyiniz diqqət və qayğıya görə Zati-alinizə dərin təşəkkürümüzü bildiririk.

Eyni zamanda qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Sizə və ailənizə xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.

Bu əlamətdar gündə Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirik.

Dərin hörmət və ehtiramla,

“İsraildə Azərbaycan Evi”nin Koordinasiya Şurası:

Nexamiva Şirin Mixaeli
“İsraildə Azərbaycan Evi – Gələcəyə Ümid” təşkilatinin rəhbəri, Akko şəhərindəki Azərbaycan Dağ yəhudiləri icmasının sədri

Arye Gut
“İsraildə Azərbaycan Evi – Gələcəyə Ümid” təşkilatinin icraçı direktoru,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru”.

***

Rusiya Federasiyasının Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevdən:

“Möhtərəm İlham Heydər oğlu,

Rusiya Elmlər Akademiyası adından və şəxsən öz adımdan Sizi yubileyiniz münasibətilə təbrik edirəm.

Azərbaycan Respublikasının Prezidenti olduğunuz müddətdə Siz ölkənin milyonlarla vətəndaşının səmimi rəğbətini və hörmətini, xaricdəki həmkarlarınızın etibarını qazanmısınız və haqlı olaraq güclü lider, müdrik siyasətçi və istedadlı dövlət xadimi hesab edilirsiniz.

Əminəm ki, Sizin təcrübəniz, enerjiniz və gücünüz gələcəkdə də ölkənin yüksək inkişaf hədəflərinə çatmasına və Azərbaycan vətəndaşlarının rifahının artmasına xidmət edəcəkdir.

Rusiya ilə Azərbaycan arasında elm sahəsində əlaqələrin inkişafına göstərdiyiniz diqqətə görə Sizə səmimi minnətdarlığımı bildirirəm. İnanıram ki, Sizin köməyinizlə Rusiya və Azərbaycan alimləri arasında ənənəvi dostluq əlaqələri və sıx əməkdaşlıq ölkələrimizin xalqlarının rifahı naminə gələcəkdə də inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, firavanlıq, qarşınızda duran məsul vəzifələrin həyata keçirilməsində böyük uğurlar arzulayıram”.

***

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibi Vladimir Şerbakovdan:

“Möhtərəm İlham Heydər oğlu.

Sizi Ümumhəmkarlar İttifaqları Konfederasiyası adından və şəxsən öz adımdan 60 illik əlamətdar yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Ümumhəmkarlar İttifaqları Konfederasiyasında və onun üzv təşkilatlarında Sizin Prezident kimi fəaliyyətinizi, müstəqil Azərbaycanın inkişafı üçün göstərdiyiniz xidmətləri yüksək qiymətləndirirlər. Sizin müdrik və uzaqgörən siyasi kursunuz sayəsində Azərbaycan durmadan irəliyə, sosial-iqtisadi tərəqqinin yeni sərhədlərinə doğru addımlayır, ictimai həyatın bütün sahələrində misilsiz uğurlar nümayiş etdirir. Bu əhəmiyyətli fəaliyyətdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da fəal iştirak edir. Prezident kimi həm milli, həm də beynəlxalq səviyyədə həmkarlar ittifaqlarının fəaliyyətinə göstərdiyiniz davamlı diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Çox hörmətli İlham Heydər oğlu, xahiş edirəm Sizə möhkəm cansağlığı və firavanlıq arzularımı qəbul edin”.