
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Sizi Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
1993-cü ildə müstəqilliyimiz böyük təhlükə ilə üzləşmişdi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması müstəqilliyimizi qoruyub saxladı. Qısa bir zamanda Azərbaycanda sabitlik yarandı, enerji sahəsində dünyanın aparıcı şirkətləri ilə böyük layihələr həyata keçirildi, ölkəmiz bölgədə aparıcı dövlətə çevrildi. Böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtması ölkəyə barış və inkişaf gətirdi.
Siz Ulu Öndər Heydər Əliyev dəyərlərinə yeni nəfəs gətirdiniz və 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi Sizin siyasətiniz nəticəsində mümkün oldu. Artıq bir neçə ildir ki, Azərbaycan xalqı Müstəqillik Gününü qalib xalq kimi qeyd edir.
Möhtərəm cənab Prezident, bu gün Azərbaycan regionun lider ölkəsidir. Son aylar ölkəmizə İranın və Vyetnamın liderlərinin səfərləri, Sizin Çin Xalq Respublikasına səfəriniz və orada ən yüksək səviyyədə qəbul olunmağınız, Albaniyada Avropa Siyasi Birliyinin Zirvə toplantısında dünya liderləri ilə keçirdiyiniz görüşlər bir daha Sizin dərin və incə düşünülmüş siyasətinizin nə qədər müdrik olduğunu və Azərbaycan xalqının inkişafına yönəldiyini təsdiq edir.
Sizə möhkəm cansağlığı, ailə səadəti, işlərinizdə böyük uğurlar arzulayıram”.
xxx
12:57
Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaing Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Zati-aliləri.
Ölkənizin Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr gələcək illərdə də inkişaf edəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
xxx
12:40
Kuba Prezidenti Migel Dias Azərbaycannın milli bayramı münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza səmimi-qəlbdən təbriklərimi çatdırıram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək niyyətimizi bir daha bildirmək istəyirəm.
Sizə dərin hörmət və ehtiramımı ifadə edirəm”.