Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbriklər gəlməkdə davam edir.
Həmin məktubları təqdim edirik:
“ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarovdan:
– Çox hörmətli İlham Heydər oğlu,
İcazə verin, yubileyiniz münasibətilə “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun rəhbərliyi və kollektivi adından 60 illik yubileyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsində dövlətin mənafeləri və xalqın rifahı naminə səmimi qayğı ilə səciyyələnən fəaliyyətiniz Sizə hörmət qazandırmış və ölkənizin hüdudlarından çox-çox kənarda nüfuzunuzun artmasına səbəb olmuşdur. Vətəndaş cəsarəti, ən çətin vəziyyətlərdə təmkinlilik və dözümlülük, daha uğurlu gələcəyə inamınız insanlarda nikbinlik yaradır, onları quruculuq fəaliyyətinə sövq edir, Azərbaycan xalqına ruh yüksəkliyi və inam mənbəyi kimi xidmət edir. Əminik ki, Sizin dövlət xadimi kimi istedadınız, dərin biliyiniz, insan kimi gözəl keyfiyyətləriniz Azərbaycan dövlətinin qüdrətinin artmasına, vətəndaşların rifahının yüksəldilməsinə uzun illər xidmət edəcəkdir.
Sizə bu əlamətdar gündə möhkəm cansağlığı, tükənməz enerji, gözəl ölkənizin zəhmətkeş xalqının rifahı naminə yeni böyük nailiyyətlər arzularımı qəbul edin.
***
“Total Energies” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agutdan:
– Zati-aliləri, hörmətli cənab Prezident.
Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Bu xoş fürsətdən istifadə edərək, “Total Energies” şirkətinin adından və şəxsən öz adımdan Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan dövlətinin inkişafı və xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulamaqdan məmnunluq duyuram.
Mən “Total Energies” şirkəti ilə Azərbaycan hökuməti arasında əməkdaşlığa böyük əhəmiyyət verirəm. Biz Azərbaycanda 25 ildən artıqdır ki, fəaliyyət göstəririk. Şirkətimiz SOCAR-la birlikdə “Abşeron” yatağından qazın nəql olunmasına və Azərbaycanda enerji sektorunun uzunmüddətli inkişafına töhfə vermək işinə sadiqdir.
Zati-aliləri, Sizin bu il dekabrın 7-də “Total Energies” şirkətinin nümayəndələrini qəbul etməyinizi yüksək qiymətləndiririk. Biz gələcək illərdə əməkdaşlığımızın daha da inkişafına və möhkəmlənməsinə ümid edirik.
***
GUAM-ın Baş katibi Altay Əfəndiyevdən:
– Zati-aliləri.
Altmış illik yubileyiniz münasibətilə GUAM Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.
Bu yubiley müstəqil Azərbaycanın yeni və uğurlu tarixi ilə sıx bağlı olan həyatınızda əlamətdar hadisədir. Bu yubiley həm də Sizin milli dövlət quruculuğu və dövlətin inkişafı istiqamətində uzun illər davam edən gərgin, fədakar və yorulmaz fəaliyyətinizi bir daha əks etdirir. Həmçinin son onilliklərdə ölkənin mövqeyinin, nüfuzunun və rolunun müasir dünyada daha da yüksəlməsinə təkan verən əlamətdar hadisələri və tarixi nailiyyətləri özündə birləşdirir və əks etdirir.
Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişaf sahəsində və beynəlxalq məsələlərdə yeni nailiyyətlər əldə edib. Dinamik iqtisadiyyatı, güclü və müasir ordusu, fəal, sülhsevər və konstruktiv xarici siyasəti ilə Azərbaycan geostrateji əhəmiyyəti getdikcə artan regionda əsas və nüfuzlu aktora çevrilərək Şərqlə Qərb arasında yeni yaranmaqda olan enerji və kommunikasiya sistemlərində mühüm rol oynayır. Azərbaycan beynəlxalq arenada fəal və məsuliyyətli aktor, həm də sülh, dialoq və qarşılıqlı anlaşmanın carçısı, bir çox qlobal layihələrin tərəfdarı və bu layihələrə töhfə verən ölkə kimi tanınır.
2020-ci ildə Sizin komandanlığınızla Azərbaycanın şanlı Silahlı Qüvvələrinin öz tarixi torpaqlarını işğaldan azad etməsi ilə nəticələnən Vətən müharibəsində qazandığı Zəfər nailiyyətlərinizin kulminasiya nöqtəsi oldu. Bu isə ölkənizin tarixində yeni səhifə açdı, xalqın milli ləyaqətini və inamını özünə qaytardı, həmçinin milli ideya ətrafında daha da möhkəmlənərək onun tarixi əzəmətini bərpa etməyə zəmin yaratdı.
Bu nailiyyətlər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Vətən naminə fədakar xidmətinizlə davam etdirilən konsepsiya və strategiyanın uğurla həyata keçirilməsinin nəticəsidir.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, yubileyiniz və əldə etdiyiniz nailiyyətlər münasibətilə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, güc və enerji, milli lider və Ali Baş Komandan kimi xalqın və ölkənin tərəqqisi və rifahı naminə tarixi missiyanızda yeni-yeni böyük nailiyyətlər diləyirəm.
***
“SAFMAR qrupu” Səhmdar Cəmiyyətinin prezidenti, Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən:
– Hörmətli İlham Heydər oğlu.
Yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Xarakter möhkəmliyiniz, öz qüvvənizə inamınız və doğma Vətəninizə səmimi sevginiz Sizə ölkənizin vətəndaşlarına xidmət etmək kimi nəcib işinizdə heyrətamiz nailiyyətlər əldə etməyə kömək edir.
Azərbaycanın qlobal siyasətdə və iqtisadiyyatda artan nüfuzu, respublikanın mədəniyyət, idman və turizm sahələrində qazandığı nailiyyətlər bütün dünyada Sizin adınızla bağlıdır.
Əminəm ki, bu gün Siz dünya liderlərindən, işgüzar dairələrin tanınmış nümayəndələrindən, görkəmli ictimai xadimlərdən, dostlarınızdan və yaxınlarınızdan xoş sözlər eşidirsiniz. Mən də səmimi qəlbdən bu təbriklərə qoşularaq Sizə cansağlığı, Azərbaycan xalqının həqiqi lideri kimi yeni nailiyyətlərə doğru addımlarınızda tükənməz enerji və yüksək ruh, yaxınlarınızla birlikdə səadət və firavanlıq arzulayıram.
***
Bütün Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda, Suxumi və Abxaziya mitropoliti II İliyadan:
– Zati-aliləri, cənab Prezident,
Sizi 60 illik yubileyiniz və yeni yaşınıza qədəm qoymağınız münasibətilə ürəkdən təbrik edirəm.
Fəaliyyətiniz dövründə əldə olunan uğurların Azərbaycanı Qafqazın inkişaf etmiş ölkəsinə çevirməsi hamıya məlumdur.
Uca Yaradanın köməyi ilə Yeni il Sizin və ölkəniz üçün yeni xeyirxah əməllər və təşəbbüslər ili olsun.
Ailənizə və xalqınıza ən xoş arzularımızı çatdırırıq.
***
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən:
– Möhtərəm cənab Prezident,
Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, işlərinizdə uğurlar, özünüzə möhkəm cansağlığı arzulayıram.
Bu yubileyi Siz qəhrəman dövlət başçısı kimi qeyd edirsiniz. Sizin uzun illər ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizə öz nəticələrini verdi.
44 günlük müharibə nəticəsində müzəffər ordumuz Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və hazırda Qarabağ bölgəsində Sizin rəhbərliyiniz altında bərpa işləri sürətlə həyata keçirilir.
Bu Qələbə Sizin düşünülmüş siyasətiniz, incə və ardıcıl diplomatik addımlarınız nəticəsində mümkün oldu. Eyni zamanda, Sizin ordu quruculuğu siyasətiniz dünyaya nümayiş etdirdi ki, bu gün Azərbaycan həm iqtisadi, həm də hərbi baxımdan regionun ən güclü və önəmli ölkələri sırasındadır.
Möhtərəm cənab Prezident, bu günlərdə Siz Brüsseldə keçirdiyiniz müxtəlif görüşləriniz zamanı ölkəmizin milli dəyərlərini və maraqlarını yüksək səviyyədə təqdim edib, Azərbaycanın sülhsevər, konstruktiv siyasətini nümayiş etdirdiniz.
Sizin rəhbərliyiniz altında bu gün ölkəmiz beynəlxalq aləmdə stabil, öz üzərinə düşən öhdəliklərini vaxtında yerinə yetirən bir ölkə kimi qəbul olunur.
Sizin digər sahələrdə həyata keçirdiyiniz konstruktiv və praqmatik siyasət ölkəmizin inkişafında və insanların həyatında öz bəhrələrini verməkdədir. Əminəm ki, yürütdüyünüz siyasət ölkəmizə daha böyük uğurlar və qələbələr gətirəcəkdir.
Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, Azərbaycanın gələcəyi naminə apardığınız siyasətdə böyük uğurlar və möhkəm cansağlığı arzulayıram.
***
“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayevdən:
– Zati-aliləri,
Hörmətli İlham Heydər oğlu,
“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi adından və şəxsən öz adımdan Sizə olan dərin ehtiramımı qəbul etməyinizi xahiş edir, doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırıram.
Möhtərəm cənab Prezident, Azərbaycan Respublikası həyatın bütün sahələrində danılmaz nailiyyətlər nümayiş etdirərək sürətlə inkişaf edən ölkələr sırasındadır.
Ötən ilin əhəmiyyətli hadisələri Sizin çoxşaxəli siyasətinizin növbəti sübutudur ki, bu da heyranlıq doğurur və dərin hörmətə layiq olduğunuzu göstərir. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan böyük gələcəyə doğru daha mütərəqqi addımlarla irəliləyəcəkdir.
“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi ölkənin iqtisadi və sosial tərəqqisi, beynəlxalq aləmdə əməkdaşlığın inkişafı istiqamətində Sizin xidmətlərinizi yüksək qiymətləndirir. Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının “TRACECA”nın həm milli, həm də beynəlxalq səviyyədə fəaliyyətinə göstərdiyi dəstəyə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar bayram günündə Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və tərəqqi arzularımı çatdırıram.
***
“SOCAR ENERGY GEORGIA” MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvilidən:
– Əziz İlham Heydər oğlu.
Yubileyiniz münasibətilə Sizi ən səmimi duyğularla təbrik edirəm. Sizə möhkəm cansağlığı, ailə səadəti, tükənməz həyat enerjisi, ölkənizin və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.
Biz, tələbə dostlarınız Sizin rəhbərliyinizlə Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq arenada qazandığı uğurlara görə ürəkdən fəxr edirik.
Sizin rəhbərliyinizlə Azərbaycan xalqının qazandığı tarixi qələbələrdən sonra bu il həmin uğurlar xüsusilə aşkar görünür.
Azərbaycanın işğal edilmiş torpaqlarının Sizin yürütdüyünüz müdrik, ölçülüb-biçilmiş xarici siyasət nəticəsində öz qanuni sahiblərinə qaytarılması üçün zəruri ilkin şərait yaradıldı. Ali Baş Komandan kimi Sizin istedadınız, habelə Azərbaycan əsgərlərinin və zabitlərinin qəhrəmanlığı sayəsində bu torpaqlar öz sahiblərinə qaytarıldı.
Azad edilmiş ərazilərin bərpası üçün hazırda aparılan işlər belə bir inam yaradır ki, lap yaxın gələcəkdə Qarabağ Azərbaycanın incisinə çevriləcək. Füzuli Beynəlxalq Aeroportu və bölgədə salınan yeni yollar bu nailiyyətlərin bariz nümunəsidir.
Əziz İlham Heydər oğlu, biz Sizi bir daha əmin etmək istəyirik ki, bizə verəcəyiniz hər hansı tapşırığı yerinə yetirməyə hazırıq.
İcazə verin, Sizə bir daha ən xoş arzularımı bildirim, Sizin planlarınızın və ideyalarınızın tezliklə gerçəkləşməsini diləyim.
***
Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoydan:
– Zati-aliləri,
Hörmətli İlham Heydər oğlu,
Yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ölkənizin əsl lideri, təcrübəli və uzaqgörən siyasi xadimi olaraq Siz həm soydaşlarınız arasında, həm də xaricdə layiqli hörmət qazanmısınız. Azərbaycan Respublikasının sosial-iqtisadi rifahının möhkəmləndirilməsində və beynəlxalq nüfuzunun gücləndirilməsində xidmətləriniz əvəzsizdir.
Atanızın – Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin işinin layiqli davamçısı kimi Siz həmvətənlərinizin arzularını gerçəyə çevirərək, Azərbaycanın ərazi bütövlüyünə nail ola bildiniz.
Sizin Rusiya ilə və Rusiya Prezidenti Vladimir Putinlə xüsusi münasibətləriniz var ki, bu da dövlətlərimiz və xalqlarımız arasında qarşılıqlı fəaliyyətin bütün sahələrinə müsbət təsir edir.
Sizin rəhbərliyinizlə respublika özünəməxsus milli ənənələrini qoruyub saxlamaqla beynəlxalq humanitar əməkdaşlıq sahəsində getdikcə daha mühüm və nəzərəçarpan rol oynayır. Bu sahədə Rusiya-Azərbaycan münasibətlərinə yorulmadan göstərdiyiniz diqqətə görə Sizə çox minnətdaram.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən cansağlığı və uzun ömür, həmvətənlərinizin rifahı, o cümlədən respublikanın inkişafı və möhkəmlənməsi naminə Azərbaycanın ali dövlət vəzifəsində gələcək uğurlar arzulayıram.
Fürsətdən istifadə edərək, Sizi, hörmətli Mehriban xanımı, o cümlədən ailənizin bütün üzvlərini qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm. Qoy 2022-ci il yaxınlarınızın sevgisi və ocağın hərarəti ilə isinsin, yalnız gözəl və xoş hadisələr gətirsin!
***
Macarıstanın Baş naziri Viktor Orbandan:
– Hörmətli cənab Prezident.
Gənc, lakin qədim tarixə malik bir ölkəni dünyanın ən hörmətli və tanınan ölkələrindən birinə çevirmək müstəsna istedad və qətiyyət tələb edir. Əminəm ki, ölkə Prezidenti kimi Siz Azərbaycan tarixində yeni səhifə açdınız. Çünki fəaliyyətiniz Azərbaycanı yüksəliş yoluna çıxarıb və ölkəniz əldə etdiyi uğurlarla beynəlxalq aləmdə tanınan nüfuz qazanıb.
Strateji tərəfdaşlıqdan başqa Macarıstan Azərbaycanı dost dövlət kimi qəbul edir. Bu müstəvidə mən çox şadam ki, son illər biz iqtisadi, enerji və mədəni sahələrdə əməkdaşlığımızı daha da dərinləşdirməyə nail olmuşuq. İkitərəfli münasibətlərimizin inkişafına göstərdiyiniz şəxsi sədaqətinizə görə Sizə minnətdaram. Ümid edirəm ki, gələcəkdə də etibarlı dəstəyinizə arxalana bilərəm.
Xahiş edirəm, ailə üzvləriniz, dostlarınız və pərəstişkarlarınızla birlikdə 60 illik yubileyiniz münasibətilə təbriklərimi qəbul edin.
Sizə möhkəm cansağlığı, güc-qüvvət arzulayıram.
***
Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevdən:
– Hörmətli İlham Heydər oğlu.
Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında çoxşaxəli əməkdaşlığın inkişafına Sizin şəxsi töhfənizi Rusiyada yüksək qiymətləndirirlər. Əminəm ki, dövlətlərimiz arasında səmərəli qarşılıqlı fəaliyyət bundan sonra da ölkələrimizin xalqlarının rifahı naminə Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə, aktual beynəlxalq və regional məsələlərin uğurlu həllinə şərait yaradacaq.
Sizinlə görüşlərimizi səmimiyyətlə xatırlayıram. Ümidvaram ki, bizim etimada əsaslanan dialoqumuz davam edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və məsul dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Fürsətdən istifadə edib xanım Mehriban Arif qızına və bütün ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm.