Azərbaycan və Türkmənistan arasında Dostluq yatağına dair anlaşma memorandumu imzalanıb. Bu yataq azərbaycanlı geoloq və neftçilər tərəfindən sovet dövründə kəşf edilmişdi. Onun baza prinsiplərinin hazırlanması üçün çox vaxt tələb edildi və biz onu Dostluq adlandırdıq.
Bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan və Türkmənistan arasında anlaşma memorandumunun imzalanması Xəzər hövzəsində çox əlamətdar hadisədir. Bu, Xəzər dənizi və onun hüdudlarından kənarda gələcək enerji əməkdaşlığı üçün də çox faydalı olacaq.
“Azərbaycan artıq Xəzər dənizinin Şərq sahilindən olan enerji ehtiyatlarının nəqli üçün etibarlı tranzit ölkəsinə çevrilib. Uzun illərdir ki, biz Xəzərin şərqində yerləşən tərəfdaşlarımız üçün Bakı-Tbilisi-Ceyhan boru kəməri və ölkəmizin dəmiryolu sistemi vasitəsilə vacib nəqliyyat marşrutları üzrə təchizatı təmin edirik. Yəni, Azərbaycan özünü etibarlı tranzit ölkə kimi təsdiq etmişdir”, – deyə Prezident İlham Əliyev vurğulayıb.