PPK TERROR TƏŞKİLATININ LƏĞVİ TÜRKİYƏ-AZƏRBAYCAN HƏRBİ ƏMƏKDAŞLIĞINA DAHA GENİŞ İMKANLAR AÇIR

Dünyada cərəyan edən mürəkkəb proseslər, xüsusilə PKK (Kürdüstan Fəhlə Partiyası) terror təşkilatının özünü buraxdığını elan etməsi fonunda Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin ölkəmizə növbəti rəsmi səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü siyasi analitiklərin xüsusi diqqət mərkəzindədir. Ali qonağı qəbul edən Azərbaycan Prezidenti İlham Əliyevin, ilk növbədə, PKK terror qruplaşmasının ləğvi ilə bağlı təbriklərini çatdırması, bunu tarixi hadisə kimi  dəyərləndirməsi də ciddi maraq doğurur.

Dövlət başçısı haqlı olaraq vurğulayıb ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması,  cəmiyyətdəki birlik terror qruplaşmasının bu addımı atmasında mühüm rol oynayıb. Və bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh, sabitlik, əmin-amanlıq şəraitində yaşamaları baxımından önəmli məsələdir.

Məlumat üçün bildirək ki, PKK 1978-ci ildə yaradılan, Türkiyənin şərq və cənub-şərqini, İraqın şimalını, Suriyanın şimal-şərqini, İranın şimal-qərbini əhatə edən bölgədə “özünüidarə qurmaq”, torpaqlara sahib çıxmaq məqsədi ilə hərbi hədəflərə, mülki şəxslərə qarşı hücumlar təşkil edən separatçı silahlı təşkilatdır. Türkiyə ilə yanaşı, ABŞ, Avropa İttifaqı və digər bir sıra ölkələr onu terror təşkilatı olaraq qəbul ediblər. Belə bir silahlı təşkilatın özünü buraxması, ilk növbədə, 50 ilə yaxın davam edən münaqişənin sona çatması, bölgədə dayanıqlı sülhün bərpası üçün əlverişli fürsət yaradır. Terrorçuların 40 ildən sonra silahlı fəaliyyətə son qoymaları həm də Türkiyənin hazırkı rəhbərliyinin hərbi-siyasi, diplomatik uğuru, peşəkar antiterror  əməliyyatları ilə şərtlənir.

Terrorçu təşkilatın fəaliyyət göstərdiyi bölgələr, xüsusən Türkiyənin cənub-şərqi, İraqın şimalı və Suriya ilə sərhəd bölgələri uzun illərdir ki, silahlı qarşıdurma məkanları olub. Onilliklərlə davam edən bu qarşıdurmalar minlərlə insanın həyatına son qoymaqla, böyük iqtisadi itkilərə də səbəb olub. Bu mənada, PKK-nın silahlı fəaliyyətdən imtina etməsi ölkənin təhlükəsizliyinə qarşı qlobal təhdidləri aradan qaldırır, “kürd məsələsi”nin sivil yolla həllinə şərait yaradır. Silahlı münaqişənin sona çatması minlərlə mülki şəxsin həyatına yönəlmiş qəsdləri aradan qaldırır, məcburi köçkünlərin geri qayıtmasını asanlaşdırır, sosial-humanitar bərpa prosesinə təkan verir.

Türkiyənin uzun illər mübarizə apardığı terror təşkilatının özünü buraxması geosiyasi amillər kontekstində Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Bu, ilk növbədə, ölkələrimizin münasibətlərinin analoqu olmayan strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi, xüsuslə də hərbi əməkdaşlığın dərinləşməsi ilə şərtlənir. Bu mənada, Türkiyənin milli müdafiə maziri Yaşar Gülərin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə müzakirə olunan bu və digər məsələlər regional təhlükəsizlik baxımından yeni geosiyasi konfiqurasiyanın formalaşdığını göstərir. Bu proseslər bilavasitə bağlı olmalar da, ölkələrimizin siyasi-hərbi müttəfiqliyinin yüksələn xəttini, bölgədə yeni güc mərkəzinin formalaşdığını aydın şəkildə ortaya qoyur.

Bu qərarın təkcə Türkiyədə deyil, regionun təhlükəsizlik arxitekturasında mühüm dəyişikliklərə yol açacağı şübhəsizdir. Qardaş ölkənin sərhədlərindəki təhlükə riski azaldığı üçün, rəsmi Ankaranın digər bölgələrdə sülhə xidmət edən daha fəal, genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçirmək imkanları genişlənəcək. Xüsusilə də Bəşər Əsəd rejiminin süqutundan sonra Suriyada siyasi sabitliyin təminatına, bu ölkənin inkişafına xidmət edən sosial-humanitar layihələrin reallaşdırılmasında Türkiyənin Azərbaycanla birgə addımlayacağı mesajı dünyaya artıq verilib.

PKK-nın özünü buraxması Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının möhkəmlənməsinə də yeni imkanlar açır. Bu hadisə, iki ölkənin bölgədə sabitləşdirici rolunun güclənməsinə, təhlükəsizlik məsələlərində daha yaxından əməkdaşlığına imkan verəcək. Yeni mərhələdə terrorçu təşkilatın ləğvi ilə əlaqədar yaranan boşluq ölkələrimizin strateji tərəfdaşlıq potensialını uğurla reallaşdırması üçün tarixi fürsət yaradır. Terrorçuların silahı yerə qoyması Türkiyənin hərbi resurslarının başqa istiqamətlərə və prioritetlərə, o cümlədən Cənubi Qafqazda, Mərkəzi Asiyada nüfuzun artırılmasına yönəldilməsi baxımından da vacib məqamdır.

Ankara-Bakı hərbi əməkdaşlığı PKK-nın ləğvi fonunda daha da güclənir, Cənubi Qafqazda yeni təhlükəsizlik sisteminin bünövrəsi qoyulur. Türkiyə milli müdafiə naziri Yaşar Gülərin Bakıya səfəri və Prezident İlham Əliyevlə görüşü zamanı hərbi-texniki məsələlərlə yanaşı, Cənubi Qafqaz və Orta Şərqdə sabitliyin təmini üçün ortaq strategiyaların müzakirəsi də deyilənləri təsdiqləyir. İki ölkə arasında 2021-ci il 15 iyun tarixli “Şuşa Bəyannaməsi” ilə daha da möhkəmlənmiş hərbi-siyasi müttəfiqlik hazırda ortaq təlimlərdən tutmuş birgə silah istehsalına qədər bir sıra vacib sahələri əhatə edir. Qeyd edilən Bəyannamə, Cənubi Qafqazda birgə təhlükəsizlik təminatını və müttəfiqlik əlaqələrinin hüquqi çərçivəsini müəyyən edib. PKK-nın ləğvi bu ittifaqın daha da möhkəmlənməsinə, hərbi strategiyaların əlaqələndirilməsinə şərait yaradır.

Prezident İlham Əliyev və Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Cənubi Qafqazda sülhün, sabitliyin təmin edilməsi üçün birgə fəaliyyətin vacibliyini də vurğulayıblar. Ümumiyyətlə, ikitərəfli hərbi əməkdaşlıq son illərdə bir sıra istiqamətlərdə sürətlə  inkişaf edir – birgə hərbi təlimlər, silah və texnika mübadiləsi, kadr hazırlığı bölgədəki güc balansına əsaslı təsir göstərir. Bu qarşılıqlı fəaliyyət münaqişə zonalarında təhlükəsizliyin artırılmasına yönəlmiş addımları da əhatə edir.

Qısası, PKK-nın ləğvi fonunda iki ölkənin daha da genişlənəcək hərbi-texniki əməkdaşlığı təkcə Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada sülh və sabitliyin təminatına mühüm töhfə olacaq.

MTM Analitik Qrup