İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tədbirləri davam etdirirlər. Vətən müharibəsi və antiterror tədbirlərindən sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə DİN əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər. Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz aparılır. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində iyunun 22-28-də polis əməkdaşları Xankəndi şəhəri ərazisindən 26 avtomat silahı, 3 pulemyot, 1 tapança, 3 tüfəng, 27 qumbara, 2 qumbaraatan, 36 alışdırıcı, 13 mərmi, 5 süngü-bıçaq, 115 patron darağı, 4780 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Kəlbəcər rayonunun Vəngli kəndindən 1 avtomat silahı, 7 patron darağı, 255 müxtəlif çaplı patron, Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisindən 4 avtomat silahı, 1 tapança, 1 qumbaraatan, 12 qumbara, 10 alışdırıcısı, 10 patron darağı və 278 müxtəlif çaplı patron, Laçın rayonu ərazisindən 2 avtomat silahı, 1 tapança, 1 tüfəng, 13 qumbara, 3 süngü-bıçaq, 16 patron darağı və 270 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.