PKK SİLAHLARI TƏHVİL VERDİ: REGİON YENİ SÜLH DÖNƏMİNİN ASTANASINDADIR

PKK-nın 47 ildən sonra ilk dəfə silah təhvil verməsi Türkiyənin siyasi-hərbi tarixində dönüş nöqtəsi kimi yadda qaldı. Terrora qarşı onilliklərdir davam edən mübarizədə  ilk dəfə PKK terror təşkilatının üzvləri silahlarını təhvil verdi. Bu hadisə “Terrorsuz Türkiyə” siyasi prosesinin konkret nəticəsi kimi qiymətləndirilir və həm regionda, həm də beynəlxalq arenada ciddi rezonansa səbəb olub. Belə ki, İraqın şimalındakı Süleymaniyyə şəhərində bir qrup PKK üzvü tərəfindən təhvil verilən silahlar xüsusi nəzarət altında qeydiyyata alınıb və təhlükəsizlik qüvvələrinin iştirakı ilə məhv edilib. Hadisə yerində Türkiyə təhlükəsizlik orqanlarının müşahidəçiləri, BMT-nin regional nümayəndələri və İraq Kürd Regional İdarəsinin təmsilçiləri də iştirak ediblər. Bu, prosesin beynəlxalq hüquq və şəffaflıq prinsiplərinə uyğun aparıldığını göstərir. Əldə olunan məlumatlara görə, təhvil verilən silahlar arasında avtomat silahlar, snayper tüfəngləri, partlayıcı maddələr və rabitə vasitələri olub. Onların PKK-nın birinci nizam-intizam bölməsinə aid olduğu bildirilir. Bu fakt, təslim olmanın simvolik deyil, təşkilati səviyyədə həyata keçirildiyinə dair əsaslı göstəricidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisəyə dair ilk açıqlamasında “Terrorsuz Türkiyə” hədəfinə doğru bu gün atılan addımı “mühüm və ümidverici” adlandırıb. O, deyib ki, “Türkiyə 40 ildən artıqdır terror bəlası ilə mübarizə aparır. Bu gün atılan bu addım nə qədər gecikmiş olsa da, doğru istiqamətdə atılıb. Terrorsuz Türkiyə üçün bütün gücümüzlə çalışırıq. Ümid edirəm ki, bu təkcə bir taktiki gediş yox, davamlı və səmimi bir prosesin başlanğıcı olacaq”. Prezidentin bu açıqlaması hadisəyə çoxmənalı yanaşmanı göstərir. Buradan görünür ki, Ankara hökuməti bir tərəfdən prosesin gedişatına ehtiyatlı nikbinliklə yanaşılır, digər tərəfdən isə qarşı tərəfdən konkret və davamlı addımlar gözlənildiyi açıq şəkildə bildirilir.

PKK-nın silah təhvil verməsi nə qəfil, nə də təsadüfi bir prosesin nəticəsidir. Son aylarda ABŞ, BMT və Avropa ölkələrinin iştirakı ilə Türkiyə-İraq-Kürdüstan Regional Rəhbərliyi arasında müxtəlif diplomatik görüşlər keçirilmiş, PKK-nın bölgədən çıxarılması və silahların təhvil verilməsi üçün mexanizmlər müzakirə olunmuşdu. Prosesin arxasında Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) ilə İraq Kürd Regional Hökuməti (İKRH) təhlükəsizlik orqanları arasında intensiv əməkdaşlıq mühüm rol oynayıb. Belə görünür ki, PKK-nın bəzi qolları – xüsusilə İraq torpaqlarında mövcud olan bölmələri artıq silahlı mübarizənin nəticəsiz olduğunu anlayaraq bu kompromisə gediblər. Lakin o da qeyd edilir ki, PKK-nın tarixən müxtəlif dövrlərdə “barışıq” görüntüsü altında taktiki addımlar atıb. Ancaq bu dəfə fərqli məqamlar var. Birincisi, silahlar rəsmi olaraq qeydiyyata alınıb və məhv edilib. Bu, ciddi nəzarət və müşahidə altında baş verib. İkincisi, prosesdə beynəlxalq qurumlar iştirak edib. Xüsusilə BMT müşahidəçilərinin iştirakı prosesin legitimliyini artırır. Üçüncüsü isə Prezident Ərdoğanın sərt ritorikasında yumşalma hiss olunur. Bu da hökumətin müəyyən nəticələrə ümid bəslədiyini göstərir. Qeyd edək ki, Türkiyədəki kürd mənşəli seçicilər və cəmiyyətin liberal təbəqələri də bu prosesi diqqətlə izləyir. Əgər PKK-nın silahlı mübarizədən çəkilməsi davamlılıq qazanarsa, bu, ölkədaxili siyasi balanslara da təsir edə bilər. Nəticə PKK-nın 47 ildən sonra ilk dəfə silah təhvil verməsi həm simvolik, həm də strateji əhəmiyyət daşıyır. Bu hadisə “Terrorsuz Türkiyə” hədəfinin real olma ehtimalını artırsa da, prosesin gələcək mərhələləri daha kritik və riskli olacaq. Prezident Ərdoğanın dediyi kimi, bu, “başlanğıcdır”, lakin başlanğıcların uğurlu olması üçün ardıcıllıq və səmimiyyət əsas şərtdir. Bölgə yeni bir sülh dönəminin astanasındadır, ya da daha mürəkkəb bir oyunun ilk pərdəsi açılıb. Bu sualın cavabını zaman göstərəcək.

MTM Analitik Qrup