PİRALLAHIDA YOLLARIN YENİDƏN QURULMASINA 1,4 MİLYON MANAT AYRILIB – SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 1,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.