PEŞƏKAR MÜHASİB SERTİFİKATI İMTAHANININ II MƏRHƏLƏSİ KEÇİRİLƏCƏK

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 18-də peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrə) keçiriləcək.

Mərkəzdən bildirilib ki, imtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahan vermək üçün 922 nəfər müraciət edib.

İmtahan saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmır.

Namizəd buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli və özü ilə aşağı qeyd olunan sənədləri gətirməlidir:

– şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

– imtahana buraxılış vərəqəsi.

İmtahan 3 saat davam edir və namizədə seçdiyi peşəkar mühasib sertifikat növünə aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunur.

Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytında müvafiq linkdən çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. İmtahan iştirakçılarından kitabça ilə mütləq tanış olmaları xahiş edilir.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 4 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 4 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 87 nəzarətçi müəllim, 13 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.