PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏLƏRİNƏ TƏLƏBƏ QƏBULUNUN III MƏRHƏLƏSİNƏ START VERİLİB

Sentyabrın 12-dən etibarən 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun III (sonuncu) mərhələsinə start verilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, bu mərhələdə ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya daha öncə müraciət etməyən şəxslər iştirak edə bilərlər. Daha öncə hər hansı peşə təhsil müəssisəsinə qəbul olan və sənədlərini təsdiq edən şəxslər bu mərhələdə ixtisas dəyişilməsi məqsədilə müraciət edə bilməzlər.

Müraciətçilər elektron qaydada portal.edu.az saytına daxil olmaqla açıq olan vakant yerlərə müraciətlərini göndərə biləcəklər. Boş qalan yerlərə sənəd qəbulu sentyabrın 13-ü saat 18:00-dək davam edəcək.

Portal.edu.az saytı vasitəsilə müraciət aşağıdakı ardıcıllıqla həyata keçirilməlidir:

– Şəxsi kabinetinə daxil olunur;

– “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidmətinə keçid edilir;

– “Müraciət et” bölməsinə daxil olunur;

– Şəxsi məlumatlar daxil edilir;

– Əvvəlki təhsil məlumatları daxil edilir;

– Ekranda görünən vakant yerlərdən biri seçilib müraciət edilir.

Təsdiq aldığı təqdirdə sənədlər peşə təhsil müəssisəsinə təqdim olunmalıdır.

Hər bir vakant yerə ilk müraciət edən şəxs şəxsi kabinetinə müsabiqədən keçməsi ilə bağlı bildiriş alacaq. Həmin şəxs bildiriş aldıqdan sonra sentyabrın 14-dək sənədlərini qəbul olduğu təhsil müəssisəsinə təqdim etməlidir.