PERU KONQRESİ AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİN BƏRPASININ 30 İLLİYİ İLƏ ƏLAQƏDAR BƏYANAT QƏBUL EDİB

Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən 18 oktyabr – Müstəqilliyimizin Bərpası Günü ilə bağlı bəyanat qəbul edilib.
Sənəddə 1918-ci ilin 28 may tarixində müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı, iki il sonra isə Cümhuriyyətin bolşevik işğalına məruz qaldığı, ancaq Azərbaycan xalqının öz tarixi dövlətçilik irsini unutmadığı və 1991-ci ildə ikinci dəfə müstəqillik əldə edərək özünü Cümhuriyyətin varisi elan etdiyi bildirilir və bu ilin 18 oktyabrında “qardaş ölkə Azərbaycanın öz müstəqilliyinin bərpasının 30 illiyini qeyd etdiyi” söylənilir.
Bəyanatda Azərbaycanın 30 il ərzində öz müstəqilliyi və suverenliyini möhkəmləndirdiyi, habelə beynəlxalq aləmdə müxtəlif din və mədəniyyətlərin birgə yaşayışı üçün model ölkə kimi qəbul edildiyi qeyd olunur.
Sonda Azərbaycan xalqına müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə səmimi təbrik ifadə edilir.