PENTAQONUN TÜRKİYƏ İLƏ BAĞLI RƏSMİ SƏNƏDİ YANLIŞ ÜNVANA GÖNDƏRİLİB

ABŞ-ın Müdafiə Nazirliyinin Türkiyə ilə bağlı məxfi sənədi yanlış ünvana göndərilib. Bu barədə “Financial Times” qəzetində dərc olunmuş məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, Pentaqonun bir sıra məxfi sənədləri, o cümlədən Türkiyə ilə bağlı bir depeşası ABŞ Müdafiə Nazirliyinin əməkdaşının “ML” elektron ünvanı əvəzinə “MİL” e-mail poçtuna göndərilib. Nəticədə, bu sənədlər Malidə fəaliyyət göstərən hollandiyalı sahibkara çatıb. Təhlükəsizlik üzrə ekspertlər qeyd ediblər ki, Afrikanın bu ölkəsi Rusiya ilə müttəfiqdir və bu ciddi səhv Pentaqona baha başa gələ bilər.

Türkiyə ilə bağlı məxfi sənəddə qeyd olunub ki, “Türkiyənin Vaşinqtondakı səfirliyi PKK/YPG terror təşkilatlarının və onların əlaltılarının “Türk Hava Yolları” aviaşirkətinin ABŞ-də ofisləri və şöbələrinin fəaliyyətinə mane olmaq, onları zəbt etmək, aviaşirkətin əməkdaşlarına problemlər yaratmaq üzrə planlar hazırlaması barədə məlumat əldə edib”.

“Financial Times” yazıb ki, hollandiyalı sahibkarın ünvanına ümumilikdə minə yaxın məxfi sənəd göndərilib. Onların arasında ABŞ-ın hərbi bazalarının fotoşəkilləri və xəritələri, hərbçilərin sayı və başqa məlumatları ehtiva edən mesajlar var.