
Yaz mövsümü ilə əlaqədar Bakı şəhərinin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü – mayın 17-də paytaxtda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən bildirilib ki, kommunal təsərrüfat xidmətlərinin texnikası ilə əsas küçə və prospektlər, həm də məhəllədaxili və ara yollar bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman yaradılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağaclar yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.