PAŞİNYAN ANKARAYA HANSI TƏKLİFLƏRLƏ GEDİR?

Ermənistanın Baş naziri Nikol Paşinyanın iyunun 20-də Ankaraya planlaşdırılan səfəri Cənubi Qafqazın mürəkkəb geosiyasi reallıqları fonunda mühüm tarixi hadisə kimi qiymətləndirilə bilər. Çünki Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birbaşa görüşü həm Ermənistan-Türkiyə münasibətləri, həm də Ermənistan-Azərbaycan danışıqlar prosesinin gedişatı baxımından ciddi siyasi rezonansa səbəb olacaq və bu səfər 1993-cü ildən bəri bağlı olan Türkiyə-Ermənistan sərhədlərinin açılması, ikitərəfli əlaqələrin qurulması baxımından da əhəmiyyətli təsir bağışlayır. O zaman Türkiyə Azərbaycan torpaqlarını işğal etdiyinə, 1915-ci il hadisələri ilə bağlı mənfur siyasətinə görə Ermənistanla sərhədlərini bağlamışdı. Hətta 2009-cu ildə İsveçrənin vasitəçiliyi ilə imzalanan Sürix protokolları da tərəflər arasında qarşılıqlı etimadı bərqərar edə bilməmişdi. Lakin 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni regional konfiqurasiya bu münasibətləri dəyişmək üçün tarixi fürsətlər təqdim edir. Paşinyanın Ankaraya nəzərdə tutulan səfəri də Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində atdığı vacib addımlardan biri kimi xarakterizə olunacaq.

İlk növbədə Ankara görüşünün gündəliyinə fikir vermək lazımdır. Ehtimal edilir ki, tərəflər arasında əsas gündəm maddələri iki istiqamətdə təzahür edəcək. Bunlardan birincisi, Ermənistan-Azərbaycan münasibətləridir ki, 2020-ci il müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizi məsələsi və qarşılıqlı tanınma ilə bağlı müzakirələr gedir. Paşinyan Türkiyədə bu məsələni yenidən gündəmə gətirməklə Azərbaycanla sülh sazişinə sadiqliyini nümayiş etdirməyə və beynəlxalq ictimaiyyətə siqnal verməyə çalışacaq. İkinci istiqamət isə Ermənistan-Türkiyə münasibətləridir. Ermənistan sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması istiqamətində konkret addımların atılmasını arzulayır. İqtisadi əməkdaşlıq, xüsusilə logistik və nəqliyyat marşrutlarının açılması məsələləri də Ermənistanın planlarına daxildir. Öz növbəsində Türkiyənin də Ermənistanla münasibətləri normallaşdırmaqda bir neçə strateji məqsədi var. Ankara çalışır ki, Azərbaycanla koordinasiyalı şəkildə regionda sülh və əməkdaşlıq platformasını təşviq etsin. Bundan əlavə, regional nəqliyyat və ticarət yollarında aktiv iştirak etməklə Ankara Cənubi Qafqazda daha fəal rol oynamaq, öz dayaqlarını bir qədər də möhkləmləndirmək niyyətindədir.

Nəzərə alaq ki, Nikol Paşinyan uzun müddətdir ki, Ermənistanı “sülhə hazırlamaq” xəttini yürüdür. Bu siyasət həm daxildə revanşist qüvvələrin, həm də diasporun təzyiqləri ilə üzləşir. Lakin Paşinyan bu xətti davam etdirməklə Ermənistanın regional təcriddən çıxış yolunu yalnız sülhdə və iqtisadi əməkdaşlıqda gördüyünü nümayiş etdirir. Onun Ankaraya səfəri daxildə narazılıqlar doğursa da, bu, eyni zamanda Qərbin – xüsusilə Avropa İttifaqı və ABŞ-ın dəstəyini qazana bilər. Qərb dairələri Cənubi Qafqazda Rusiyanın zəiflədiyi, İranın isə sabitliyə təhdid yaratdığı bir vaxtda Ermənistanı öz orbitinə yaxınlaşdırmaq üçün Paşinyan hökumətini açıq dəstəkləyir. Türkiyə ilə normallaşma bu prosesdə Qərbin də marağındadır. Çünki bu, bölgədə kommunikasiya xətlərinin açılması və regionun Avropa ilə daha sıx inteqrasiyası deməkdir.

Paşinyanın Ankaraya səfəri Rusiya və İran tərəfindən qısqanclıqla izləniləcək. Çünki Rusiya uzun illər Ermənistanı öz hərbi və siyasi orbitində saxlayıb. Lakin 2020-ci ildən sonra bu təsir azalmağa başlayıb. Ermənistanın KTMT-dən faktiki uzaqlaşması və Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməsi Moskvanı narahat edir. İran isə Zəngəzur dəhlizi məsələsinə həssas yanaşır və Türkiyə-Azərbaycan-Ermənistan əməkdaşlığının öz təsir zonasında balans pozuntusuna səbəb olmasından ehtiyat edir. Bu mənada Paşinyanın Ankaraya səfəri simvolik bir hadisə olmaqla yanaşı, konkret nəticələr doğura biləcək potensiala malikdir. Çox güman ki, tərəflər Ermənistan-Türkiyə arasında diplomatik münasibətlərin qurulması ilə bağlı yol xəritəsi, sərhəd-keçid məntəqələrinin açılması üçün texniki komissiyaların yaradılması, Azərbaycan-Ermənistan danışıqlarında Türkiyənin daha aktiv vasitəçi və ya zəmanətçi rol alması, iqtisadi əməkdaşlıq təşəbbüslərinin gündəmə gəlməsi ilə bağlı müəyyən razılaşmalar əldə edə bilərlər.