PARLAMENTLƏRARASI İTTİFAQ AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PARLAMENT SƏDRLƏRİNİN GÖRÜŞÜNÜN YEKUNLARI İLƏ BAĞLI BƏYANAT YAYIB

Parlamentlərarası İttifaqın martın 23-dən 27-dək İsveçrənin Cenevrə şəhərində keçirilən 148-ci Assambleyası ərəfəsində dünən Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətləri qəbul edilib.

Parlamentlərarası İttifaqın prezidenti Tulia Ekson və təşkilatın baş katibi Martin Çunqonq Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini və Milli Assambleyanın sədri Alen Simonyanın rəhbərlik etdiyi Ermənistan nümayəndə heyətini İttifaqın mənzil-qərargahında qarşılayıblar.

“Görüş iki tərəf arasında sülh danışıqlarına parlamentin töhfəsi kimi nəzərdə tutulub. Parlamentarilər xalqın nümayəndələri kimi gərginliyin azaldılmasında və etimadın yaradılmasında, eləcə də münaqişənin həllində mühüm rol oynayırlar. Parlamentlərarası İttifaq hər iki tərəfi dialoqu asanlaşdırmağa, mehriban qonşuluq münasibətləri qurmağa və iki ölkə arasında münasibətlərin normallaşmasına zəmin yaratmağa kömək etməyə dəvət edib. Bu, parlament səviyyəsində ilk görüş idi. Hər iki tərəf Parlamentlərarası İttifaqın himayəsi altında etimadı bərpa etmək üçün dialoqu davam etdirmək barədə razılığa gəliblər”, – təşkilatın bəyanatında deyilir.

Görüş Parlamentlərarası İttifaqın baş katibinin 2024-cü ilin fevralında Ermənistan və Azərbaycana səfərlərindən sonra keçirilib. Bu səfər zamanı o, yüksək səviyyədə səlahiyyətli şəxslərlə görüşüb.

Parlamentlərarası İttifaq, həmçinin 2024-cü ilin sentyabrında Gənc Parlamentarilərinin Qlobal Konfransına ev sahibliyi edəcək Ermənistanla və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri kimi Azərbaycanla anlaşma memorandumları imzalayıb.

“Parlament diplomatiyası hökumətlərin sülh sazişləri üzrə danışıqlar aparmaq üçün davam edən səylərinin çox mühüm tamamlayıcısı ola bilər. Parlamentlər və onların rəhbərliyi sülhü təmin etmək qabiliyyətinə və gücünə malikdir” , – deyə Tulia Ekson bildirib.

Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq öz növbəsində qeyd edib ki, Pİ 2024-cü ildə sülh və təhlükəsizliyi diqqət mərkəzində saxlayıb.

“Münaqişə yaşanan ölkələrdə parlamentlər arasında dialoqun təşviqi təşkilatın mandatının və son 135 il ərzində gördüyümüz işlərin əsas elementidir. Biz iki spikerin görüşünü alqışlayırıq və onların dialoqa hazır olmasını yüksək qiymətləndiririk”, – o əlavə edib.