Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının imzalanmasını əngəlləyən başlıca faktorlardan biri rəsmi İrəvanın bir sıra kənar qüvvələrin, ilk növbədə Fransanın diqtəsi ilə fəaliyyət göstərməsidir. Hazırda Fransanın fəaliyyəti açıq şəkildə nümayiş etdirir ki, bu ölkə Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin bərqərar olmasında maraqlı deyil. Bu məqsədinə də rəsmi Paris Ermənistan vasitəsilə nail olmağa çalışır. Elə bundan irəli gələrək Paris İrəvanla müxtəlif istiqamətlərdə, o cümlədən hərbi müstəvidə əlaqələrini gücləndirərək regionda öz destruktiv məqsədlərinə nail olmağa can atır.
Əslində, Fransa hakimiyyətinin indiki siyasəti daha çox Ermənistan üçün ciddi təhdid yaradır. Məsələ burasındadır ki, Ermənistanı yeni toqquşmalara təhrik edən Fransa bu ölkəni taleyin ümidinə buraxır, ona çətin vəziyyətdə hansısa kömək göstərmək iqtidarında deyil. Azərbaycan ən yüksək səviyyədə bununla bağlı müvafiq xəbərdarlıqlarını bir daha Ermənistan rəhbərliyinə və xalqına, onların himayədarlarına çatdırıb. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu xüsusda qeyd edib: “Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq”.
Hazırda Ermənistanın Fransa, Hindistan, ABŞ tərəfindən silahlandırılması davam edir. Prosesdə əsas aktivlik Fransaya məxsusdur. O da faktdır ki, Fransanın məqsədi təkcə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına qarşı yönəlməyib, Prezident Emmanuel Makron hakimiyyətinin başlıca niyyətlərindən biri regionda əsas geosiyasi oyunçular olan Rusiya və Türkiyənin mövqeyini zəiflətməyə nail olmaqdır. Eyni zamanda Emmanuel Makronun prezidentliyi dövründə beynəlxalq nüfuzu ciddi şəkilə zədələnən Fransa bu gün çoxsaylı daxili problemlərin həllində də aciz duruma düşüb. Siyasi, iqtisadi, idarəetmə müstəvisində getdikcə daha kəskin xarakter alan problemlərin həllində Makron iqtidarının təşəbbüsləri fiasko ilə nəticələnməkdə, ölkəni daha böyük çətinliklər məngənəsinə yuvarlamaqdadır. Elə bu kontekstdə indiki Fransa hakimiyyətinin əsas məqsədlərindən biri xalqın diqqətini beynəlxalq problemlərə yönəltməyə nail olmaq, daxili narazılığı qismən də olsa bu yolla səngitməyə nail olmaqdır. Lakin real mənzərə bu cəhdlərin əks effekt verdiyini göstərir. Əksinə, Fransanın Afrikadan qovulması, müstəmləkə əsarətində saxladığı ərazilərdə Parisə qarşı artan etirazlar Makron hakimiyyətini daha böyük fiasko bataqlığına sürükləyir.
Bütün bunlardan hələ də lazımı nəticələr çıxarmaqda acizlik nümayiş etdirən indiki Fransa Prezidenti xarici düşmən obrazının yaradılmasına indi daha çox vaxt sərf edir. Bu kontekstdə Azərbaycan Fransa hakimiyyətinin əsas hədəflərindən birinə çevrilib və Makron iqtidarı ölkəmizə qarşı qarayaxma kampaniyasına xüsusi diqqət edir. Sözügedən hal Makronun bu günlərdə səfirlər konfransında çıxışı zamanı bir daha özünü göstərdi. Burada o bildirib ki, Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək, Azərbaycanın fəaliyyətini dəstəkləyib. O, həmçinin qeyd edib ki, Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən “qəbuledilməz müdaxilələrlə” hücumlara məruz qalıb.
Qeyd edilməlidir ki, Makronun Azərbaycan, Rusiya, Ermənistanla bağlı belə cəfəng fikirlər səsləndirməsi ilk hal deyil. Hələ 2022-ci ildə o, “France 2” telekanalına müsahibəsində iddia etmişdi ki, həmin ilin sentyabr ayında Azərbaycan-Ermənistan şərti sərhəd zonasında baş verən hərbi toqquşmalar Rusiya tərəfindən təhrik edilib və məqsəd Qafqazda, onun hüdudlarından kənarda sabitliyi pozmaqdır. Yenə həmin ildə Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Prezident İlham Əliyev Makronun sərsəm açıqlamalarına sərt cavab verdi. Dövlət başçısı Fransanın Azərbaycan və Ermənistan arasında vasitəçi olmasının mümkünsüzlüyünü diqqətə çatdırdı. Ermənipərəst, qərəzli, ikiüzlü mövqe nümayiş etdirməsi səbəbindən Fransa təkcə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında vasitəçiliyinə yox, həm də Cənubi Qafqazda mövqelərinə öz əli ilə sarsıdıcı zərbə vurmuş oldu. Sonrakı dövrdə də Azərbaycanın siyasəti ona gətirib çıxardı ki, Fransa artıq Cənubi Qafqazda hansısa ciddi rola malik deyil. Bundan sonra da Parisin Ermənistan vasitəsilə regionda nəyəsə nail olması sadəcə, mümkünsüzdür. İlk növbədə o baxımdan ki, regionda həlledici söz sahibi, burada hadisələrin inkişaf axarını müəyyən edən ölkə Azərbaycandır.
Yenə bu reallığı qəbul etməkdə çətinlik çəkən Fransa Prezidenti Ermənistanı silahlandırmaqla, ondan bir vasitə kimi istifadə etməklə nəyəsə nail ola biləcəyinə sadəlövh şəkildə inanmaqda davam edir. Bunun üçün Makron reallıqları təhrif etməkdən, beynəlxalq hüququ pozmaqdan, Azərbaycana qarşı iftiralar səsləndirməkdən çəkinmir. Məsələnin bu tərəfinə toxunan Azərbaycanın Xarici İşlər Nazirliyi Fransa Prezidentinin səfirlər konfransında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları barədə verdiyi açıqlamasında bildirir: “Maraqlıdır ki, özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən Fransa heç zaman Azərbaycana münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasını, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini, kütləvi qırğınları və insanlıq əleyhinə cinayətləri heç zaman tənqid etməyib…Fransanın məkrli neokolonial siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönləndirilməsi isə Fransanın yanlış siyasətindən xəbər verir. Digər ölkələri təqsirləndirmək əvəzinə, Fransanın səriştəsiz xarici siyasətindən dərs çıxarması daha faydalı olardı”.
Qeyd edilməlidir ki, Fransa hakimiyyəti neokolonial siyasətinə qarşı Azərbaycanın liderliyi ilə aparılan mübarizə Makron iqtidarının onsuz da bərbad gündə olan beynəlxalq imicinə sarsıdıcı zərbələr vurulması ilə nəticələnməkdədir. İndi Fransanın müstəmləkəçilik siyasətinin ifşası istiqamətində atılan addımlar da Parisin Bakıdan daha çox narahatlıq duymasına səbəb olur. Belə vəziyyətdə Ermənistanı silahlandırmaqla, bu ölkəni Azərbaycanla yeni münaqişəyə təhrik etməklə Makron hakimiyyəti Bakının siyasətində hansısa dəyişikliyə nail olacağına hələ də ümid bəsləyir. Amma nəzərə almaq istəmir ki, Azərbaycanla təzyiq dilində danışmaq əbəsdir. Parisin indiki siyasəti isə yalnız Ermənistanı fəlakətə sürükləyir, Fransanın Cənubi Qafqazda, eləcə də bir sıra digər regionlarda mövqeyini daha sürətlə sarsıdır.
MTM Analitik Qrup