PARİS BAKI İLƏ DİALOQA QAYIDIR

Bakıda Azərbaycan və Fransa diplomatları arasında keçirilən danışıqlar iki ölkə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğuna işarə edir. Fransa Prezidentinin Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalter və Xarici İşlər Nazirliyinin Avropa üzrə direktoru Bris Rokfeyin Bakıya səfəri rəsmi Parisin Cənubi Qafqaz siyasətində daha praqmatik və balanslı xəttə keçmək niyyətində olduğunu göstərir. Bu səfər xüsusilə Prezident Emmanuel Makronla Azərbaycan Prezidenti İlham Əliyev arasında son aylarda artan diplomatik təmasların məntiqi davamı kimi qiymətləndirilə bilər. Belə ki, Fransa və Azərbaycan arasında son illər münasibətlərdə ciddi gərginliklər müşahidə olunurdu. Fransa Senatının və Milli Assambleyasının Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, Qarabağ separatizmini dolayısı ilə dəstəkləyən qətnamələri Bakının kəskin reaksiyasına səbəb olmuşdu. Rəsmi Parisin Ermənistanla hərbi-texniki əməkdaşlığı da regionda sülh təşəbbüslərinə maneə kimi dəyərləndirilirdi. Lakin 2025-ci ilin sonuna doğru dəyişən geosiyasi reallıqlar Fransa üçün də yeni siyasət zərurətini gündəmə gətirdi. Ermənistanla münasibətlərin birtərəfli və emosional istiqamətdə davam etməsi Fransanı regiondakı proseslərdən faktiki kənarda qoyurdu. Bakı ilə dialoqa qayıdış bu kontekstdə həm Fransa diplomatiyası üçün zərurət, həm də Avropa İttifaqının Cənubi Qafqazda təsir imkanlarını qorumaq cəhdi kimi dəyərləndirilə bilər.

Azərbaycan diplomatiyası son illərdə balanslaşdırılmış və çoxvektorlu siyasət sayəsində regionda yeni reallıq yaradıb. Qarabağ münaqişəsinin yekun həlli və ərazi bütövlüyünün tam bərpası ilə Bakı regional güc mərkəzinə çevrilib. Fransız diplomatların da Bakıya gələrək həmkarları ilə bərabərhüquqlu müzakirələr aparması Azərbaycanın beynəlxalq statusunun göstəricisidir. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov kimi təcrübəli diplomatların iştirakı ilə aparılan danışıqların predmeti təkcə Fransa ilə ikitərəfli əlaqələr deyil, həm də Avropa İttifaqı–Azərbaycan münasibətləri kontekstində geniş regional məsələləri əhatə edib. Burada enerji təhlükəsizliyi, nəqliyyat xətləri, Ermənistanla sülh prosesi və Fransa–Azərbaycan iqtisadi əlaqələrinin yenidən canlandırılması kimi məsələlərin müzakirə olunduğu ehtimal olunur.

Fransanın son aylarda Cənubi Qafqaz siyasətində bir sıra dəyişikliklər hiss olunur. Paris artıq anlayır ki, regionda davamlı sabitlik yalnız Azərbaycanla əməkdaşlıq əsasında mümkündür. Ermənistanın sülh danışıqlarında təcrid olunmaması üçün Bakının etimadını qazanmaq Fransa üçün həyati əhəmiyyət daşıyır. Bundan əlavə, Avropa enerji təhlükəsizliyində Azərbaycanın rolu son dərəcə artıb. Qərbi Avropaya alternativ enerji mənbələrinin axtarışı fonunda Bakı ilə sıx əməkdaşlıq həm strateji, həm də iqtisadi baxımdan vacibdir. Bu mənada, Fransa şirkətlərinin Azərbaycan bazarına qayıtması və enerji, bərpa olunan resurslar, texnologiya sahələrində yeni layihələrin gündəmə gəlməsi gözlənilir.

Bu görüş bir daha göstərir ki, beynəlxalq münasibətlərdə daimi dostluq və düşmənçilik anlayışlarından daha çox, milli maraqlar və reallıqlar ön plandadır. Fransa artıq Azərbaycanın yaratdığı yeni reallığı qəbul edir. Parisdə də yaxşı bilirlər ki, Qarabağ məsələsi bitib və bölgədə sülhün açarı Bakının əlindədir. Paris bu reallığı qəbul etməklə təkcə diplomatik izolyasiyadan çıxmır, həm də Avropa İttifaqı daxilində Cənubi Qafqaz siyasətində söz sahibi olmaq istəyir. Azərbaycan üçün isə bu görüş Qərb platformasında öz mövqelərini gücləndirmək və balanslı siyasət xəttini davam etdirmək baxımından önəmlidir. Əgər bu dialoq ardıcıl və qarşılıqlı etimad əsasında davam edərsə, yaxın aylarda Azərbaycan-Fransa münasibətlərində bir sıra real nəticələr müşahidə oluna bilər.

MTM Analitik Qrup