“PARİS-2024”: OLİMPİYA MEDALLARININ TEXNİKİ GÖSTƏRİCİLƏRİ

2024-cü il Paris Yay Olimpiya və Paralimpiya oyunlarında 5084 medal veriləcək. Bunlardan hələlik neçəsinin qızıl, gümüş və bürünc olacağı məlum deyil. Lakin hər bir medalın tərkibi və maya dəyəri məlumdur.

Olimpiadanın rəsmi saytında yer alan məlumata görə, hər medalın diametri 85 millimetr, qalınlığı 9,2 millimetrdir. Medalların dizaynı Beynəlxalq Olimpiya Komitəsi ilə razılaşdırılıb.

Lakin budəfəki olimpiya medallarını başqalarından fərqləndirən bir xüsusiyyət də var. Medalların hər birinin üzərinə Eyfel qülləsinin bərpası zamanı dəyişdirilmiş metal parçaları bərkidiləcək. Bu metal parçası metropol Fransanın xəritədəki təsvirinə uyğun olaraq, altıbucaqlı şəklindədir.

Medalların kütləsinə gəlincə, qızıl medal 529 qram, gümüş medal 525 qram, bürünc isə 455 qramdır.

Qiymətlər də bir-birindən kəskin fərqlənir. Bürünc medalın maya dəyəri 10 manatdan azdır. Gümüş medal Fransanın vergi ödəyicilərinə 868 manata başa gəlib. 529 qramlıq qızıl medalın maya dəyəri isə bugünkü kursla təxminən 1640 manatdır.

Bir vacib məqamı da qeyd etmək yerinə düşər. Bürünc medal qırmızı latundan tökülür. Onun hazırlanması asan və ucuz başa gəlir. Gümüş medal 920 əyarlı metaldan tökülür və üzərində zərgərlər işləyir. Ən nüfuzlu və bahalı olan qızıl medal isə 6 qram xalis qızıl və 523 qram gümüşdən ibarət xəlitədən hazırlanır.

Qızıl və gümüş medalların tərkibini Beynəlxalq Olimpiya Komitəsi müəyyən edir. Qurum bu zaman maliyyə məsələlərini də ciddi nəzərə alır. İdmançılar xalis qızıldan hazırlanmış medalı sonuncu dəfə 1912-ci ildə əldə ediblər. Əgər Paris Olimpiadasının ən dəyərli medalı xalis qızıldan hazırlansaydı, bu günə olan kursla onun maya dəyəri 70 min manatı ötərdi.